Paytaxtımız Türkiyə mətbuatında yer alıb FOTOLAR

Paytaxtımız Türkiyə mətbuatında yer alıb FOTOLAR

Türkiyənin ən çox oxunan mətbu orqanlarından olan "Klass" jurnalında "Alovlar ölkəsinin küləklər şəhəri - Bakı" adlı geniş məqalə dərc olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, məqalədə müəllif Bakı şəhəri ilə ilk tanışlığının Şəhidlər xiyabanından başladığını qeyd edib, daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi haqqında söz açıb. Həmçinin, Bakıda tez-tez rast gəlinən şair heykəllərinin ölkəmizdə ədəbiyyat və incəsənətə böyük önəm verilməsinin göstəricisi olduğu vurğulanıb.

İçərişəhərlə tanış olan müəllif Şirvanşahlar sarayının ecazkar görkəmindən bəhs edib, məktəblilərin bu tarixi məkana ekskursiyasını qədim irsə olan maraq kimi səciyyələndirib. Məqalədə Qız qalası, Atəşgah və Yanardağ haqqında da geniş məlumat verilib. Azərbaycanda təhsilə böyük önəm göstərildiyi və əhalinin 90 faizinin təhsilli olduğu diqqətə çatdırılıb.

Daha sonra "Ginnesin rekordlar kitabı"na düşmüş Azərbaycan Miniatür Muzeyindən söhbət açılıb, bir çox ölkələrə aid nəşrlərin miniatür formalarının burada qorunduğu bildirilib.

Məqalədə həmçinin, ölkəmizin 17-19 iyun 2016-cı il tarixində ev sahibliyi edəcəyi və "Odlar ölkəsində - sürət zirvəsində!" devizi ilə Bakıda şəhərində reallaşacaq "Formula 1" Avropa Qran pri oyunlarına hazırlıq işlərinin yekunlaşdığı və sınaq yürüşlərinin keçirildiyi vurğulanıb.

Paytaxtımızın mərkəzində yerləşən Müasir İncəsənət Muzeyindən söz açan müəllif burada mindən artıq əsərin qorunduğunu, Azərbaycanın məşhur rəssam və heykəltəraşları ilə yanaşı, dünya incəsənətinin görkəmli nümayəndələrindən Salvador Dali və başqalarının əsərlərinin də yer aldığı qeyd edilib.

Məqalədə dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzinin arxitektur incəlikləri, dizaynı, xarici və daxili görünüşünün bir-birini tamamlaması ilə diqqəti cəlb etməsi haqqında da məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan "Gateway" şirkəti tərəfindən ölkəmizin turizm potensialının işıqlandırılması məqsədilə Türkiyənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri üçün Azərbaycana press-tur keçirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə