Toğrul Məmmədov: "Serial sektorunun inkişafı üçün zaman tələb olunur" AÇIQLAMA

Toğrul Məmmədov: "Serial sektorunun inkişafı üçün zaman tələb olunur" AÇIQLAMA

"Azərbaycanda yerli teleserialların inkişafında ötən illərə nisbətən, irəliləyiş əldə olunub". Bunu SİA-ya açıqlamasında Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlər milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətə malikdir: "Bunu nəzərə alaraq, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə, 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılmışdır.

Həmin vəsait ümumrespublika televiziya yayımçıları arasında çoxseriyalı bədii filmlərin lentə alınması məqsədilə bölüşdürülmüşdür. Sözügedən televiziyalar da ayrılan maliyyə vəsaitini yerli teleserialların ərsəyə gəlməsi məqsədilə istifadə ediblər. Bu prosesə nəzarət etmə səlahiyyətlərinə malik MTRŞ olaraq, maddi vəsaitin sərf olunması ilə bağlı daimi müşahidə aparılıb və müvafiq hesabatlar Şuraya təqdim olunub. Nəticə olaraq qeyd edim ki, yalnız "İctimai" və "ANS" Televiziyalarının imzalanmış müqaviləyə müvafiq olaraq, serial məhsulu təqdim etməməsi ilə əlaqədar müzakirə davam edir.

Hesab edirəm ki, ölkə başçısı tərəfindən maliyyə yardımı ayrıldıqdan sonra milli televiziyalarda yayımlanan serialların keyfiyyəti öncəki mərhələ ilə müqayisədə kifayət qədər artıb. Bunu izlənmə sayına əsasən də demək mümkündür. Hər halda Azərbaycanda serial sektorunun daha da inkişafı üçün zaman tələb olunur".

Aparat rəhbəri həmçinin, nümayəndəsi olduğu qurumun ölkədə fəaliyyət göstərən televiziyaları daim nəzarət altında saxladığını da vurğulayıb: "Ümumiyyətlə, MTRŞ tərəfindən respublikada yayım hüququna malik bütün televiziya kanallarının fəaliyyəti ilə bağlı daimi monitorinqlər aparılır, qarşıya çıxan nöqsanlarla bağlı müvafiq tədbirlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə