Azərbaycan Dövlət Musiqili teatrın aktrisası Ülviyyə Əliyevanın SİA-ya müsahibəsi:
-Ülviyyə xanım, son zamanlar bir-birindən fərqli mövzu və janrlarda çoxseriyalı bədii filmlər lentə alınır. Həmin seriallarda teatr aktyorlarını daha çox görürük. Teatr aktrisası kimi sizcə, bunun səbəbi maddi ehtiyacı qarşılamaqdır yoxsa aktyorluq potensialından doğan həvəsdir?
-Bu suala ümumi cavab verə bilmərəm. Çünki hər aktyor üçün fərqli səbəb ola bilər. Şəxsən öz adımdan deyim ki, mənim üçün maddiyyat önəmli deyil. Əlbəttə ki, ehtiyacları qarşılamaq üçün çalışmaq şərtdir. Amma 16 illik aktyorluq fəaliyyətimdə heç vaxt maddiyyatın keyfiyyətin önünə keçməsinə izn verməmişəm. Mühüm olan potensialımı yüksək səviyyədə nümayiş etdirmək, yaradıcılığımı yeni, fərqli layihələrlə zənginləşdirmək, ən əsası, keyfiyyətli iş ərsəyə gətirməkdir.
-Demək ki, aktyorun hər sahədə istedadını nümayiş etdirməsinin tərəfdarısınız...
-Əlbəttə. Aktyoru müəyyən çərçivəyə salmaqla, daxilindəki yaratmaq həvəsini boğmaq olmaz. Hesab edirəm ki, aktyorluq sərhəd tanımır. Təbii ki, teatrın da, kinonun da, serialın da özünəməxsus tələbləri var. Əgər yaradıcı insan öz potensialını şaxələndirib, hər istiqamətin haqqını verə bilirsə, özünü sınamasında fayda var. Önəmli olan nəticədə yüksək səviyyəli işə imza atmaqdır.
-Azərbaycanda çəkilən serialların keyfiyyəti haqda nə düşünürsünüz?
-Azərbaycanda bir müddət bundan öncə yüksələn xəttlə inkişaf edən serial sektorunda yaranan durğunluğun ən böyük səbəbi maddiyyat çatışmazlığıdır. Məlumdur ki, ölkə başçısının imzaladığı Sərəncama müvafiq olaraq, serial sektoruna dövlət tərəfindən maliyyə yardımı ayrılmışdır. Bunun nəticəsində, yetərincə keyfiyyətli çoxseriyalı bədii filmlər ərsəyə gəldi. Rol aldığım "Üç bacı" serialı bunun əyani sübutudur. Sözügedən serialın uğurlu alınmasının ən başlıca səbəbi isə yüksək keyfiyyətli şəraitlə, ən son texnologiyalarla təmin olunması idi. Təbii ki, ekran işinin keyfiyyəti də birbaşa texniki avadanlıqdan asılıdır. Üç kamera ilə lentə alınan filmlə, beş kamera ilə çəkilən ekran əsəri arasında fərq danılmazdır. Belə məqamda maddi vəsaitin önəmi ortaya çıxır. Lakin sadəcə maddiyyatla da məsələ həll olunmur. Yalnız güclü ssenari, peşəkar rejissor işi, yüksək səviyyəli aktyor oyunu bir araya gələrsə, uğurlu nəticədən danışmaq olar.
-Teatrda işlər necə gedir?
-Teatrda da fəaliyyətimi davam edirəm. Bilirsiniz ki, artıq 15 ildən çoxdur ki, Azərbaycan Dövlət Musiqili Teatrının aktrisasıyam. Burada bir-birindən fərqli obrazlar yaratmışam. Hazırda Teatrda "Mən dəyərəm min cavana" tamaşasında çıxış edirəm. Səhnə əsərlərində rol almaqla bağlı heç vaxt problem yaşamamışam. Komedik xarakterlə yanaşı, C.Məmmədquluzadənin "Ölülər" dramında Nazlı, B.Vahabzadənin "Atamın kitabı"nda Şəvkət bacı, Ə.Əmirlinin "Xoşbəxt gün" əsərində Yeganə kimi dramatik obrazlar da yaratmışam. Bundan sonra da yaradıcılığımda fərqlilik etməyə hazıram.
-Ülviyyə Əliyeva aktrisa kimi hansı hədəfinə çata bilməyib?
-Ürəyimdən xəbər verdiniz...(gülür). Müzikl tamaşada oynamaq ən böyük və hələ də çata bilmədiyim arzumdur. Çünki həm vokal, həm də xoreoqrafik istedadımı nümayiş etdirməyə ehtiyac duyuram. Lakin bunu musiqili tamaşada tam olaraq göstərmək mümkün deyil. Bu hədəfimə çatmaq üçün bütün gücümü ortaya qoymaq istərəm.
-Türkiyə teatrlarında aktyorlara öz ideyalarını gerçəkləşdirmək üçün bütün imkanlar verilir. Bizim teatr müəssisələrimizdə bunu həyata keçirmək mümkün deyilmi?
-Əlbəttə mümkündür. Musiqili Teatrda da aktyorların arzularını reallaşdırmaq üçün şərait yaradılır. İndi deyəcəm, düşünəcəksiz ki, yenə də maddiyyat? (gülür). Amma həqiqətən, bunun üçün də maddi vəsaitə ehtiyac var. Müzikl keyfiyyətli musiqi, səhnə tərtibatı, hazırlıq prosesi tələb edir. Bütün bunların da arxasında maddiyyat dayanır.
-Arzulardan danışdıq, indi isə reallığa qayıdaq... Tamaşaçılar sizdən hansı yenilikləri gözləsin?
-Aktrisa kimi bu sualınıza cavabım varsa, çox xoşbəxtəm. Hazırda yeni bədii film layihəsi üzərində çalışırıq. Bu, sırf festival üçün nəzərdə tutulmuş tragikomediya olacaq. Bədii əsər əsasında lentə alınacaq filmdə hadisələr 90-cı illərdə Qarabağda cərəyan edəcək. Filmdə 25 yaşlı qızı yaradacam. Belə həssas mövzulu ekran əsərində rol alacağım üçün qürur hissi keçirirəm. Ümid edirəm ki, əziyyətimiz bəhrəsini verəcək və film festivalda uğur qazanacaq.
- Teatrda necə, hansı tamaşalarda rol almağa hazırlaşırsınız?
-Nəhayət, həyəcanla gözlədiyim sualı verdiniz (gülür). Çünki yaradıcılığımda önəmli layihəyə imza atacam. Bu, dram janrlı mono-tamaşa olacaq. Sözügedən səhnə əsəri ilə festivalda iştirak edəcəm. Layihə oktyabr-noyabr ayları üçün nəzərdə tutulub. Bu baxımdan, qarşıda məni çox məsuliyyətli, gərgin proses gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB