Əməkdar artist beynəlxalq festivalda iştirak edəcək

Əməkdar artist beynəlxalq festivalda iştirak edəcək

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Nərgiz Kərimova Ukraynada keçiriləcək beynəlxalq festivala dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, aktrisa 4-5 iyun tarixlərində IV "O-FEST" Beynəlxalq Opera, Operetta və Müzikl Festivalında Azərbaycanı təmsil edəcək. Nərgiz Kərimovanı bu mötəbər tədbirə Kiyev Akademik Operetta Teatrı dəvət edib.

"O-FEST" Beynəlxalq Opera, Operetta və Müzikl festivalı dördüncü dəfə keçirilməsinə baxmayaraq, dünyada kifayət qədər böyük şöhrətə və nüfuza malikdir. Bir çox Beynəlxalq müsabiqələrin laureatı olan əməkdar artist Nərgiz Kərimova sözügedən festivalda dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli "Arşın mal alan" operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın "Maritsa" əsərindən Maritsanın ariyasını ifa edəcək.

Tədbirdə Nərgiz Kərimova ilə yanaşı, Almaniya, Belarus, Avstriya, Polşa, Gürcüstan, Kanada, Çex Respublikası və başqa ölkələrin tanınmış sənətçiləri də çıxış edəcəklər.

Qeyd edək ki, IV "O-FEST" Beynəlxalq Opera, Operetta və Müzikl Festivalı Kiyev Akademik Operetta Teatrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə