III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri açıqlanıb

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qalibləri açıqlanıb

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qaliblərinin mükafatlandırılması və bağlanış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Öncə festivalın keçdiyi tarixi yolu əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra festivalın nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.

Müsabiqənin "Ölkə, region, şəhər" nominasiyasında Türkiyəni təmsil edən rejissor Aziz Elbasın "Burşa şəhəri" filmi bürünc, gürcüstanlı rejissor Beqa Jquburianın "Gürcüstanda qış" filmi gümüş, Banqladeşdən qatılan rejissor Qiyasuddin Səlimin lentə aldığı "Banqladeş-çaylar diyarı" filmi isə qızıl mükafat layiq görülüb.

"Mədəniyyət, ənənə" kateqoriyasında Rusiyanı təmsil edən rejissor Andrey Titovun "Əbədiyyət mərkəzi. Əfsanə" flmi bürünc, irlandiyalı rejissor Peddi Heysin "Monqol rapsodiyası" filmi gümüş, azərbaycanlı rejissor Tofiq Şahverdiyevin "Lahıc" filmi isə qızıl mükafatla təltif olunub.

Festivalın "Reklam filmləri" nominasiyasında portuqaliyalı rejissor Devid Mendesin "Kəşf ruhu" filmi bürünc, Xorvatiyadan olan rejissor Denis İvosevicin "İstrianı paylaş. 2016 dəvətnamə" filmi gümüş, Polşanı təmsil edən rejissor Corc van der Ueydenin "Polşa riverası" filmi qızıl mükafat qazanıb.

"Ekoloji turizm və digər turizm növləri" kateqoriyası üzrə bürünc mükafata polşalı rejissor Yaroslav Balcerzevskinin "Yüksək səma təəssüratları" filmi, gümüş mükafata Yunanıstandan olan rejissor Andonis Kioukasın "Delos 2015" filmi, qızıl mükafata isə Böyük Britaniyanı təmsil edən rejissor Alesteyr Li "Sitadel" filmi layiq görülüb.

Sonuncu-"TV filmləri" nominasiyasında rusiyalı rejissor Mixail Deqtyarın "Bakı, Azərbaycan" filmi bürünc, Çexiyanı təmsil edən rejissor Libor Spacekin "Papua Yeni Qivneyaya qaçış" filmi gümüş, Baham adalarından olan rejissor Brayn Smokerin "Səyyah: ritmik nassau" filmi qızıl mükafatla təlrif olunub.

Festivalda həmçinin, Rusiyanı təmsil edən rejissor Janna Tolstikovanın "Kabus şəhər skrunda 1-in yeni həyatı" filmi "Münsiflər heyətinin xüsusi mükafatı"na, azərbaycanlı rejissor Rüfət Kərimzadənin lentə aldığı "Yurdum" filmi "Milli mükafat"a, xorvatiyalı rejissor Herve Tirmarşenin "Dubrovnik və zaman" filmi isə "Qran Pri"yə layiq görülüb.

Tədbir Azərbaycan incəsənət ustalarının ifasında milli musiqilərdən ibarət konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə