Azərbaycan kəlağayıları Özbəkistanda FOTOLAR

Azərbaycan kəlağayıları Özbəkistanda FOTOLAR

Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənddə Azərbaycan kəlağayılarına həsr olunmuş "Azərbaycan kəlağayı sənəti və onun təqdimatı" adlı tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin xanımları, diplomatlar, tanınmış mədəniyyət, incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan xanımlarına məxsus baş geyimi olan kəlağayılar haqqında danışaraq, hər bir xalqın maddi və mənəvi dəyərləri, qədim mədəniyyət nümunələri, geyim formaları həmin xalqın xarakterindən və xüsusiyyətindən xəbər verdiyini və xalqın tarixini, mədəniyyətini öyrənmək üçün bu cür nümunələrin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Səfir Azərbaycanda böyük ipəkçilik ənənələrinin olduğunu, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli ipəyin-kəlağayıların hazırlandığını, Gəncə və Basqal kəlağayılarının isə xarici ölkələrə də ixrac olunduğunu vurğulayıb.

Hüseyn Quliyev Azərbaycan kəlağayısının "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsini böyük uğur kimi dəyərləndirib və bu işdə Heydər Əliyev Fondunun xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Özbəkistanın zəngin mədəniyyətindən söz açaraq, kəlağayını Azərbaycan xalqının əsrlərdən bəri qorunub saxlanılan sənət incisi adlandırıb.

Daha sonra "Azərbaycan kəlağayıları" adlı sənədli film iştirakçılara nümayiş etdirilib.

Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin professoru, "Basqal İpək Mərkəzi"nin direktoru, tanınmış mütəxəssis Rəna İbrahimbəyova Azərbaycan kəlağayı sənətinə dair məruzə ilə çıxış edib.

Mütəxəssis kəlağayıda həkk olunmuş naxışların ayrı-ayrı forma və motivləri barədə məlumat verdi, kəlağayıya məxsus elementlərin mənalarını və bu baş örtüyünün dizaynını xarakterizə edib.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində təşkil olunan sərgidə müxtəlif dizaynda hazırlanmış Azərbaycan kəlağayıları nümayiş olunub.

Qonaqların iştirakı ilə kəlağayının naxışlanma prosesi canlı olaraq həyata keçirilib, fəxri qonaqlara kəlağayılar hədiyyə verilib.

Qeyd edək ki, tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə