“III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı”nın açılış mərasimi olub FOTOLAR
Nizami Kino Mərkəzində "III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı"nın açılış mərasiminə həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda festivalın tarixi və keçirilmə məqsədi haqqında məlumat verilib. Həmçinin, festivalda təqdim ediləcək bütün filmlərin Azərbaycan dilində subtitrlə nümayiş olunacağı bildirilib.
Daha sonra "III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı"nın açılış mərasimi baş tutub. Tədbirdə incəsənət xadimləri, hökumət rəsmiləri və media nümayəndələri iştirak edib.
Öncə festivalın keçdiyi tarixi yolu əks etdirən video-çarx nümayiş olunub.
Tədbirin açılışını edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hələ 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin xətti ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının yaradılması təklif olunub: "Festival uğurlu nəticə verdikdən sonra mütəmadi olaraq keçirilməsinə qərar verilib. Bu il layihənin hazırlıq mərhələsində müsabiqədə iştirak haqqında məlumat verildikdən sonra 71 ölkədən 400 film təqdim olunub. İlkin mərhələnin yekununda 25-dən çox ölkəni təmsil edən 70-dən artıq ekran əsəri seçilib. Bu, festivalın uğurunun göstəricisidir. Ümid edirəm ki, layihə ötən illərdə olduğu kimi, bu il də ölkədə turizmin inkişafına müsbət təsir edəcək".
Sonra festivalın münsiflər heyəti təqdim olunub.
Mərasim ölkə, region və şəhər kateqoriyası üzrə festivalda yarışan filmlərin nümayişi ilə davam edib.
Qeyd edək ki, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub. Seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Film göndərən ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri var. Festivalın seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib.
Müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı, Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildirlər.
Hər kateqoriya üzrə 3 film mükafatlandırılacaq:
I yerə - Qızıl mükafat – diplom və mükafat
II yerə - Gümüş mükafat - diplom və mükafat
III yerə - Bürünc mükafat - diplom və mükafat
Festivalın ən yaxşı filmi isə "QRAN PRİ" - diplom və mükafatla təltif olunacaq. Yerli filmlər eyni zamanda, Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB