"Turizm və Mədəniyyət Düşərgəsi" layihəsi gerçəkləşəcək

"Turizm və Mədəniyyət Düşərgəsi" layihəsi gerçəkləşəcək

Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Gələcəyə Doğru Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyinin (TTGİB) təşkilatçılığı ilə "Gənclər üçün Turizm və Mədəniyyət Düşərgəsi" adlı layihə həyata keçirilir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə düşərgə təşkil olunacaq.

İştirakçılar turizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin turizm potensialı, beynəlxalq turizm və digər istiqamətlər üzrə maarifləndiriləcək.

Layihənin Göyçay şəhərində iyun ayı ərzində keçirilməsi planlaşdırılır. Layihədə iştirak edəcək 20 gənc üçün təşkil edilən təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

- Turizm işinin təşkili

- Yerli və beynəlxalq turizmin qarşılıqlı vəhdəti

- Etik davranış qaydaları

- Motivasiya və uğur formulu

- Liderlik bacarıqlarının formalaşdırılması

- Natiqliq və ünsiyyətin qurulması

- Bədən dili

- İctimaiyyətlə əlaqələr

Qeyd edək ki, Gələcəyə Doğru (TTGİB) son illərdə bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı və ya təşkilatçısı və Ukraynada, Türkiyədə, Polşada, Almaniyada, Moldovada, Rusiyada və Qırğızıstanda olan beynəlxalq tədbirlərdə istər "Youth in Action", istərsə də digər sahəli forum və seminarlarda ölkəmizi layiqincə təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə