“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı çapdan çıxıb

“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı çapdan çıxıb

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan "Turizm və qonaqpərvərlik tədqiqatları" beynəlxalq jurnalının II sayı çapdan çıxıb. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, jurnala ATMU-nun 31 may-01 iyun tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə keçirdiyi "Regional turizmin davamlı inkişaf prioritetləri" beynəlxalq elmi-praktiki konfransın materialları daxil edilib.

Jurnal Universitetin rektoru, professor Cəfər Cəfərovun konfransın plenar iclasında söylədiyi açılış nitqi ilə başlayır. Rektor öz çıxışında universitetin ali təhsil müəssisəsi olaraq fəaliyyət göstərdiyi 10 il müddətində turizmin inkişafına təsir edən amillərə həsr olunan, tədqiqatçıların fikir mübadiləsinə və araşdırma nəticələrinin paylaşılmasına şərait yaradan elmi simpozium və konfransların təşkil olunmasının artıq bir ənənəyə çevrildiyini və bu konfransın da geniş turizm potensialına sahib regionların hərtərəfli inkişafına nail olmaq məqsədi ilə bu sahədə aparılmış elmi tədqiqatların müsbət nəticələrinin öyrənilməsi, eləcə də ölkəmizdə və dünyada mövcud olan turizm regionlarının inkişafı və adı çəkilən sektorda fəaliyyət göstərən müxtəlif təşkilatların fəaliyyətlərinin düzgün qurulması, həmçinin turizm üzrə ixtisaslaşan alim və mütəxəssislərin elmi tədqiqatlarının təşviq edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayır.

Mətbuda nəşr edilən 23 elmi məqalədən 17-si yerli, 6-sı isə xarici alimlərin elmi tədqiqatlarına həsr olunub.

Məqalələrdə turizm potensialının yüksəldilməsində investisiyaya təsir edən faktorlar analiz edilib, gəlmə turizmin ölkə iqtisadiyyatına təsirinin ekonometrik təhlili aparılıb, turizmin inkişafında QHT-lərin rolu, bələdiyyələrin turizmin davamlı inkişafına təsiri və regionlarda turizmin inkişaf perspektivləri tədqiq olunub. Eyni zamanda, Belarusiya, Qazağıstan, Özbəkistan, Gürcüstan və Ukranyadan olan gənc tədqiqatçıların aqroturizm, şərabçılıq turizmi, davamlı turizm və milli brendləşmədə onun təsirləri ilə bağlı araşdırma nəticələri də öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə