Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən gənc kamança ifaçılarının Habil Əliyev adına I Respublika müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış xalq musiqi alətləri ifaçıları, uşaq musiqi və incəsənət məktəblərinin direktorları, pedaqoqlar, sənətsevərlər iştirak edib.
Əvvəlcə görkəmli kamança ifaçısı Habil Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib. Video materialda Ulu Öndər Heydər Əliyevin sənətkara "Şöhrət" ordenini təqdim edərkən onun yaradıcılığı barədə söylədiyi fikirlər də yer alıb.
Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev müsabiqənin bütün respublikanı əhatə etdiyini, gələcəkdə bu müsabiqənin beynəlxalq miqyasda keçiriləcəyini vurğulayıb.
Münsiflər heyətinin sədri-Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev kamança ifaçıları arasında keçirilən müsabiqələrdə gənclərin sayının hər dəfə artdığını, onların ifa bacarıqlarının yaxşılaşdığını xüsusi qeyd edib.
Bildirilib ki, respublika müsabiqəsinin I turu bu ilin 11-26 aprel tarixində zonalar üzrə Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində və Ağcabədi, Goranboy rayonlarında, II turu isə 2-5 may tarixində Habil Əliyevin doğma yurdu Ağdaşda keçirilib. Münsiflər heyəti Bakı, Gəncə, Şəki, Şirvan şəhər, Ağdaş, Ağstafa, Füzuli, Goranboy, Kürdəmir, Oğuz, Samux, Siyəzən, Şəmkir, Şuşa rayon uşaq musiqi və incəsənət məktəblərinin 150 gənc kamança ifaçısının çıxışını qiymətləndirib.
Müsabiqə qaliblərinin bir qisminin iştirak etdiyi konsert proqramından sonra qaliblərin adları elan edilib.
Qeyd edək ki, birinci dərəcəli diplomlara Bakı şəhər L. və M. Rostropoviçlər adına 20 saylı uşaq musiqi məktəbinin şagirdi Mahir Hacıyev, Rauf Hacıyev adına uşaq musiqi məktəbinin şagirdi Şəfi Ömərli, Siyəzən şəhər uşaq musiqi məktəbinin şagirdi Abuzər Əsgərli layiq görülüblər. İkinci və üçüncü yerlərin sahibləri və müəllimlər də diplom və fəxri fərmanlarla təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB