Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə 23-28 may tarixində Bratislava şəhərində Respublika Gününə həsr olunmuş tədbirlərdə və rəsmi görüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Slovakiyada səfərdədir. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Slovakiyanın Mədəniyyət Nazirliyində Dövlət katibi İvan Seçik tərəfindən qəbul ediliblər.
Görüşdə 2017-2018-ci illərdə Azərbaycanda və Slovakiyada təşkil ediləcək mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə qarşılıqlı olaraq iştirak edilməsi, incəsənət ustalarının və müxtəlif kollektivlərin ezamiyyətləri və digər məsələlər müzakirə olunub.
Söhbət zamanı ölkəmizdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən uğurlu islahatlar, beynəlxalq tədbirlər barədə məlumat verilib.
Azərbaycan nümayəndə heyəti Bratislava şəhər Filarmoniyasının baş direktoru, professor Maryan Lapşanski ilə də görüş keçirib. Filarmoniya ilə ətraflı tanışlıqdan sonra fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra 2018-ci ildə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Bratislava Simfonik Orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsertin təşkili və bəstəkarın yubileyinin qeyd olunması barədə razılıq əldə olunub.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı Fəxri Konsulluğunda 28 may Azərbaycan Respublika gününə həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Konsertdə Əyyub Quliyevin dirijorluğu ilə xalq artisti, tarzən Ramiz Quliyev, əməkdar artist, vokalçı Afaq Abbasova-Budaqovanın ifaları böyük alqışlarla qarşılanıb.
Slovakiyaya səfər zamanı Azərbaycan nümayəndə heyətinin parlamentlərarası dostluq qrupunda və bir sıra nazirliklərdə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, tədbirlərdə Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı fəxri konsulu Cəlal Qasımov iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB