Akademik Milli Dram Teatrı qastrola hazırlaşır

Akademik Milli Dram Teatrı qastrola hazırlaşır

Mayın 24-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti Saatlıya qastrol səfərinə gedəcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yaradıcı heyət Saatlı Rayon Mədəniyyət Mərkəzində yazısı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı nümayiş etdirəcək.

Əməkdar incəsənət xadimi Bəhrəm Osmanovun quruluşunda təqdim olunacaq səhnə əsərində əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər.

Tamaşa Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Həmçinin, səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib.

"Xəcalət" pyesi dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönələn, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə