Beynəlxalq rəqs müsabiqəsinin qalibləri mükafatlandırılıb

Beynəlxalq rəqs müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə birinci beynəlxalq müsabiqəsinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bağlanış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, görkəmli balet ustası, xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunan beynəlxalq rəqs müsabiqəsi Yaxın Şərq və MDB məkanı üzrə ilk dəfə təşkil edilib. Sənət yarışına Azərbaycan da daxil olmaqla altı ölkədən – ABŞ, Rusiya, Ukrayna, Litva, Qazaxıstandan 200 rəqqas qatılıb. Onların çıxışlarını respublikamızın, eləcə də Rusiya və Litvadan dəvət olunan tanınmış incəsənət ustaları qiymətləndiriblər.

İştirakçılar iki yaş qrupu üzrə yarışıblar. Rəqqaslar klassik və milli rəqs nominasiyaları üzrə mükafatlandırılıblar. Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Müsabiqənin bağlanış mərasimi qaliblərin ifasında qala-konsertlə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə