Nazir Ağstafanın mədəniyyət müəssisələrində olub FOTOLAR

Nazir Ağstafanın mədəniyyət müəssisələrində olub FOTOLAR

Məlumat verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonunda vətəndaşlarla görüş keçirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Əbülfəs Qarayev daha sonra rayonun bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Nazir ilk olaraq açıq səma altında salınan Tarixi və Müasir Abidələr Parkı ilə tanış olub. Park Prezident İlham Əliyevin iştirakı ilə 5 iyul 2013-cü ildə açılıb. Bu məkanda Azərbaycanın müasir inkişafına və qədim tarixinə dair maddi mədəniyyət nümunələri sərgilənir. Miniatür park həmçinin, Azərbaycanı əhatə edən dağ silsilələrini, çay və gölləri, təbiət mənzərələrini xəritə üzərində əks etdirir. Respublikanın ayrı-ayrı bölgələrində olan və xalqımızın tarixi keçmişini yaşadan abidələr, saray və qala divarları, türbə və məscidlər, müasir dövrə aid arxitektura nümunələrinin maketləri yüksək peşəkarlıqla yaradılıb. Böyük və Kiçik Qafqaz sıra dağları, Naxçıvanın məşhur dağ, qala və ziyarətgahları və digər infrastruktur obyektlərinin maketləri də onların sırasındadır. Burada həmçinin, Kür və Araz çayları, Göygöl və Batabat gölləri, respublikanın əsas avtomobil və dəmir yolları, yol qovşağı və körpüləri də əksini tapıb.

Sonra Əbülfəs Qarayev Səməd Vurğun parkına baş çəkib, burada fəaliyyət göstərən səyyar kitabxananın işi ilə tanış olub. Ərazidə tikintisi yekunlaşmaqda olan Ağstafa rayon Musiqi mərkəzi ilə maraqlanan nazirə məlumat verilib ki, dövlət başçısının "Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq inşasına başlanılıb. 400 nəfərlik konsert zalı olan mərkəzin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Əbülfəs Qarayev daha sonra yenidən qurulan Ağstafa rayon Mədəniyyət mərkəzinə gəlib, təmir işlərinin gedişi ilə maraqlanıb. Nazir mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə