“Reinkarnasiya”nın açılışı olacaq

“Reinkarnasiya”nın açılışı olacaq

Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan "Reinkarnasiya" adlı növbəti sərgi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.

Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-ə yaxın rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunur.

Sənətsevərlərin və mütəxəssislərin böyük marağına səbəb olacaq ekspozisiya muzeyin fəaliyyətində və eyni zamanda, rəssamların yaradıcılığında yeni bir səhifə açacaq.

Qeyd edək ki, yubiley çərçivəsində təşkil olunmuş sərginin təqdimatı 26 may, saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə