Mingəçevir Turizm Kollecinin 10 illiyi qeyd olunub FOTOLAR

Mingəçevir Turizm Kollecinin 10 illiyi qeyd olunub FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi təntənə ilə qeyd olunub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəlcə Mingəçevir Turizm Kollecinin maddi-texniki bazası və tədris-təlim prosesi ilə tanış olub, müəllim və tələbələrlə görüş keçirib, ötən 10 il ərzində təhsil ocağının fəaliyyəti və qazandığı uğurlarla bağlı hazırlanan video-çarxa baxıblar.

Qonaqlar təhsil müəssisəsinin kollektivini yubiley münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb, öz tövsiyələrini veriblər.

Sonra Mingəçevir Dövlət Dram Teatrında möhtəşəm yubiley mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə kollec tələbələrinin əl işlərindən ibarət sərgiyə baxıblar. Mərasimdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Ə.Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan bu təhsil ocağının ötən 10 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib.

Ə.Əyyubov bildirib ki, istənilən sahənin inkişafı məhz maddi-texniki təminat məsələlərinin uğurla həll edilməsi, intellektual və bacarıqlı kadr potensialının yetişdirilməsindən asılıdır: "Ölkəmizdə yüksək maddi-texniki baza ilə təchiz edilən və peşəkar kadrlar hazırlayan nüfuzlu təhsil müəssisələrindən biri olan və tanınmış məzunları ilə hətta ali məktəblərlə rəqabət aparan Mingəçevir Turizm Kollecində tədris və təlim-tərbiyə işləri müasir dövrün ən yüksək tələbləri səviyyəsində qurulub. Son illər Mingəçevir Turizm Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə mühüm işlər görülüb". Professor Ə.Əyyubov təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün bugünədək xeyli işlər görüldüyünü, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparıldığını, kollecə yeni invertar avadanlıq və kompyuterlər gətirildiyini qeyd edib: "Təhsil ocağının kollektivi hər il Bakıda keçirilən Beynəlxalq Turizm Sərgisində və digər mötəbər tədbirlərdə uğurla təmsil olunur. Kollec xarici ölkələrin təhsil ocaqları ilə əlaqələrini ildən-ilə genişləndirir.

Hazırda 12 ixtisas üzrə 1823 nəfər tələbənin təhsil aldığı Mingəçevir Turizm Kolleci tərəfindən davamlı olaraq Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarının iştirakçısı olaraq böyük təcrübə əldə edirlər. Müəllimlər həmin xarici təhsil ocaqlarında keçirilən tədbirlərdə iştirak edərək öz bilik və bacarıqlarını artırır, onların tədris metodları ilə tanış olur, beynəlxalq təcrübəyə yiyələnən müəllimlər öz biliklərini kollecdə yerli tələbələrlə bölüşürlər.

Artıq 10 ildir ki, təhsil ocağında turizm və onun təşkili, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, bədən tərbiyəsi və idman, xarici dil, ibtidai sinif müəllimliyi, mühasibat uçotu, turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili və dekorativ tətbiqi incəsənət və xalq sənəti, reklam işi, muzey işi və abidələrin mühafizəsi, dizayn, nəqliyyatda daşınmaların təşkili, məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə kadrlar hazırlanır.

Ötən 10 il ərzində kollecin 5 mindən çox məzunu olub ki, onlar da hazırda turizm sahəsində uğurla çalışırlar. Ölkəmizdə turizm sahəsində ixtisaslı kadrlara olan tələbatın artması nəzərə alınaraq növbəti tədris ilində kollecdə yeni ixtisasların açılması planlaşdırılır".

Ə.Əyyubov bildirib ki, kollecdə turizm ixtisası üzrə təhsil alan tələbələr 20-dən çox şəhər və rayonlardakı otel və turist-sanatoriya komplekslərində, istirahət mərkəzlərində təcrübə-təlim kurslarına cəlb edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Nazir turizm sahəsinin inkişafını prioritet hesab edən Prezident İlham Əliyevin tələb və tapşırıqlarına uyğun olaraq, ölkəmizdə davamlı tədbirlər həyata keçirildiyini bildirib: "Prezident İlham Əliyevin tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir".

Nazir həmçinin son illər turizmdən gələn gəlirlərdən söz açıb və birinci Avropa Oyunları kimi möhtəşəm tədbirlərin ölkəmizin bu sahədən daha çox gəlir əldə etməsinə xidmət edəcəyini, hər il ölkəmizdə 40-a yaxın otelin açılmasının sevindirici hal olduğunu və bu prosesin davam etdirildiyini vurğulayıb.

Nazir Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafına Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə böyük tövhə verdiyini qeyd edib. Mingəçevir Turizm Kollecinin dünyanın 10-dan çox ölkəsinin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq etdiyini, beynəlxalq təhsil proqramlarından bəhrələndiyini deyən nazir Əbülfəs Qarayev kollecin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirib və təhsil ocağının müəllim və tələbələrini yubiley münasibətilə təbrik edərək onlara daha böyük uğurlar arzu edib.

Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov çıxış edərək Mingəçevir Turizm Kollecinin ölkəmizdə nüfuzlu təhsil ocaqlarından biri olduğunu qeyd ediblər.

Sonra kolleclə Zərdabi Mətbuat Mərkəzinin birgə təşkil etdiyi "Azərbaycan turizm diyarıdır" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Həmçinin, Mingəçevir Turizm Kolleci adından yubiley münasibətilə nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim edilib.

Yubiley mərasimi kollecin tələbələri və yerli incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə