Milli musiqi alətlərinin inkişafı ilə bağlı seminar keçirilib FOTOLAR

Milli musiqi alətlərinin inkişafı ilə bağlı seminar keçirilib FOTOLAR

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi "Milli musiqi alətlərinin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması" mövzusunda elmi-praktik seminar keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarın əsas məqsədi milli musiqi alətlərinin təbliği, onların təkmilləşdirilməsi, yeni növlərinin yaradılması istiqamətində respublikada aparılan elmi-praktiki işlərin ictimaiyyətə çatdırılması və yeni yaradılmış musiqi alətlərinin təqdimatından ibarətdir.

Seminarda Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi, elmi işlər üzrə prorektoru Lalə Hüseynova, professoru Abbasqulu Nəcəfzadə, "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasının rəhbəri, musiqi alətləri üzrə mütəxəssis Məmmədəli Məmmədov, xalq artisti, tarzən Ramiz Quliyev, professor Gülnaz Abdullazadə mövzu ətrafında çıxış edərək milli musiqi alətlərinin təkmilləşdirilməsinin və yenidən yaradılmasının əhəmiyyətini vurğulayıblar.

Tədbirdə Munis Şərifovun (bəm kaman, yalı qopuz), Şəhriyar İmanovun (akkord tar), Mərkəz Əliyevin (zil-bəm kaman, zərb alətləri, bəm səsli alətlər), Sahib Ağazadənin (Qarabağ kamanı), Rüfət Mustafayevin (təkmilləşmiş tar), Şirzad Fətəliyevin (təkmilləşmiş balaban, davul və zurna), Fəzilə Rəhimovanın (çəng) ifasında müxtəlif musiqi əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə