M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında respublikanın aparıcı kitabxanaları, Bakı şəhər mərkəzləşdirilmiş kitabxana sistemləri və universitet kitabxanaları nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Kitabxananın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müşavirənin məqsədi mövcud kitabxana qanunvericiliyinin müasir kitabxanaların qarşısında duran vəzifələrlə tam uyğunlaşdırılması, yeni qanunvericilik aktlarının hazırlanması məqsədilə təkliflərin işlənməsi və müvafiq orqanlara təqdim olunmaq üçün təkliflərin hazırlanmasından ibarətdir.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxışında "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanunun ötən əsrin 90-cı illəri üçün çox mükəmməl olduğunu, lakin bu günün tələblərinə cavab vermədiyini, digər qanunvericilik sənədləri ilə uzlaşmadığını deyib. O, kitabxanaların kompüterləşdirilməsi, virtual xidmət, elektron kitabxanaların yaradılması və fəaliyyəti, respublika çap məhsullarının arxiv fondunun yaradılması, nəşr məhsullarının qeydiyyatının aparılması və digər məsələlərlə bağlı qanunun təkmilləşdirilməsinin zəruriliyindən danışıb, sənədə yeni maddələrin əlavə olunmasını məqsədəuyğun hesab edib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Respublika Elmi Pedaqoji Kitabxananın direktoru Tamilla İsmixanova və başqaları qanunun yenidən işlənməsi üçün işçi qrupun və əlaqələndirmə şurasının yaradılmasının zəruriliyini vurğulayıblar.
Çıxış edənlər kitabxanaların yerli və xarici nəşrlərlə komplektləşdirilməsində, elektron kitabxananın əlverişli olmasında mövcud problemlərin, kitabxanaçının hüququ, sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin, kitabların universal standartlara uyğun rəqəmsallaşdırılmasının, kitabxanaçıların peşə bayramının təsis edilməsinin, kitabxanalar üçün vahid kitab satışı mərkəzinin yaradılmasının və digər məsələlərin qanunvericilikdə təsbit edilməsinə toxunublar.
Müşavirənin sonunda bir ay müddətində təkliflərin hazırlanıb təqdim olunması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB