Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri ilə görüşüb. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh, Misir turizm idarəsinin rəhbəri Əhməd Şokri, Misir Otelyerlər Assosiasiyasının rəhbəri Əhməd Əyyub və digər rəsmi qonaqlar iştirak edib.
Qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. Nazir Azərbaycan və Misir arasında münasibətlərin inkişaf etdiyini bildirərək, turizm sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib: "İki ölkə arasında əməkdaşlıq münasibətləri yaxşı səviyyədədir. Bildiyimiz kimi, Misir dünya ölkələri arasında daha çox inkişaf etmiş turizm sahəsi ilə tanınır. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı ola bilər".
Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, son bir neçə ildə bu sahədə böyük irəliləyişə nail olunduğunu vurğulayıb: "İndi Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır. Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonapərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu sahənin inkişafı üçün görülən işləri davam etdiririk. Bir sıra ölkələrin vətəndaşları birbaşa hava limanlarımızda viza əldə edirlər. Digər ölkələrin vətəndaşları isə elektron turist vizalarını qısa müddətdə əldə edə bilirlər".
Nazir iki ölkə arasında turizm sahəsinin daha da inkişaf etdirilməsi, qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışıb. Əbülfəs Qarayev əlaqələrin inkişaf etdirilməsinə bundan sonra da dəstək verəcəklərini diqqətə çatdırıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh bu ölkənin turizm nümayəndələrinin işgüzar səfəri çərçivəsində Bakıda hər iki ölkənin turizminin inkişafına dair bir sıra görüşlərin keçirildiyini diqqətə çatdırıb.
O, Misirin Azərbaycandan turistlərin cəlb olunmasında maraqlı olduqlarını vurğulayıb.
Misir turizm idarəsinin rəhbəri Əhməd Şokri Azərbaycana səfərləri haqqında məlumat verib. Bildirib ki, Misir turizm və aviasiya şirkətlərinin əməkdaşlarının da daxil olduğu nümayəndə heyətinin səfərində əsas məqsədimiz turizm sahəsində müştərək əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. Qeyd edib ki, yaxın vaxtlarda Bakıdan Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması nəzərdə tutulur: "Bakı ilə Şarm Əl-Şeyx şəhəri arasında birbaşa hava reysinin açılması Misir-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Azərbaycandan Misirə gələnlərin sayı o qədər də çox deyil. Amma biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. Eyni zamanda, Azərbaycana da misirli turistlərin gəlməsində maraqlıyıq. Bu sahənin inkişafı üçün qarşımızda duran əsas problemlərdən biri birbaşa hava əlaqəsinin olmamasıdır. Biz birbaşa hava əlaqəsinin yaranması üçün çalışırıq və düşünürəm ki, bununla da turizmin inkişafına yardım etmiş olacayıq".
Əhməd Şokri Azərbaycan və Misir şirkətləri arasında turizmin inkişafı ilə bağlı müzakirələrin aparılmasının da vacibliyini vurğulayıb.
Görüş turizm sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB