Məktəblərdə tədris işi ilə bağlı müşavirə keçirilib

Məktəblərdə tədris işi ilə bağlı müşavirə keçirilib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına uyğun olaraq, 2016-cı il 11-13 may tarixlərində Ağcabədi, Bərdə, Beyləqan və Xocavənd rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə məktəblərdə tədris işinin təşkili ilə bağlı zona müşavirəsi keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müşavirədə qeyd edilən məktəblərin direktor, direktor müavinləri və pedaqoji kollektivlərin üzvləri ilə görüş zamanı Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktları, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi, Tədris Planları, Tədris Proqramlarının tələb və müddəaları, bədii təhsilin inkişafı, müəllimlərin biliklərinin qiymətləndirilməsi, ustad dərslərinin təşkili, xüsusi fəaliyyət, simli və nəfəsli alətlərin inkişafı üzrə proqramların həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, açıq havada konsertlərin təşkili ilə bağlı zəruri məlumat və izahatlar verilib, müvafiq fikir mübadiləsi aparılıb.

Müşavirədə iştirak edən məktəblərin bir sıra sənədləri, o cümlədən, tərəfimizdən geniş təhlil olunan 2015-2016-cı tədris ili üçün hazırlanmış dərs və tarifikasiya cədvəllərində aşkar edilmiş nöqsanlar məktəb rəhbərlərinin diqqətinə çatdırılıb və növbəti dərs ili üçün müvafiq tövsiyələr verilib.

Eyni zamanda, məktəb rəhbərlərinin tədris işinin təşkili, əmək və maliyyə intizamı, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəbin idarə edilməsi, hazırda qüvvədə olan pedaqoji kadrların işə qəbul qaydaları ilə bağlı suallar cavablandırılıb, habelə onları sahə üzrə maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Bununla yanaşı, direktorların attestasiyasının keçirilməsi, məktəb binalarının səliqəyə salınması, bina və sinif otaqlarının tərtibatının yaxşılaşdırılması, dərs prosesinin ciddi nəzarətə götürülməsi, tədris və kargüzarlıq işlərinin təşkili məsələlərində müsbət dönüşün yaradılması bir vəzifə kimi məktəb rəhbərləri qarşısında qoyulub.

Müşavirənin sonunda uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinin inkişafına dair aidiyyəti təklif və müraciətlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə