Mərakeş səfirinin yaradıcılığına həsr olunan tədbir keçirilib

Mərakeş səfirinin yaradıcılığına həsr olunan tədbir keçirilib

"Söz" adlı ədəbi layihənin növbəti tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, layihənin növbəti poeziya gecəsi Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Haminin yaradıcılığına həsr olunub.

Tədbirin açılışını edən səfir layihənin əhəmiyyətindən danışıb və iştirakçıları öz poeziyasından nümunələri dinləməyə dəvət edib.

Gecədə Azərbaycan, ərəb və ingilis dillərində şeirlər səsləndirilib. Özünəməxsus dünyagörüşü, həssas qəlbi və Azərbaycana böyük sevgisi olan səfirin ana dilində oxuduğu şeirlər dinləyicilərə xoş anlar yaşadıb.

Şeirləri Azərbaycan dilinə tərcümə edən Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Mahir Həmidov bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin məqsədi Azərbaycanın yazıçı və şairlərini ölkədə və dünyada tanıtmaq, cəmiyyətdə ədəbi ənənələrə, poetik axşamlara marağı artırmaq, həmçinin, ədəbi inkişafı stimullaşdırmaqdır.

"Söz" layihəsinin yeddinci tədbiri olan poeziya gecəsində Həsən Haminin "Bakı", "Şərq", "Bağışlayın", "Şair və vətən", "Gül", "Səfər", "Eşqin yanğısı", "Yun köynək", "Cürət" və digər şeirləri həzin musiqinin müşayiəti ilə səsləndirilib. Bu poeziya nümunələrində müəllifin vətənə, Bakıya, dünyaya, gözəlliyə, təbiətə və xeyirxah insanlara böyük sevgisi əks olunub.

Şeirləri Azərbaycan dilində Mələk Abbaszadə və Yaqut Paşazadə oxuyublar.

Diqqətə çatdırılıb ki, səfirin dilimizə çevrilən şeirləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə kitabça halında ayrıca dərc olunacaq.

Sonda səfir layihənin rəhbərinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib və onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Nigar Həsənzadədir. layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə