"Zəhmətimin bəhrəsinə və ona olan diqqətə sevinirəm" FOTOLAR

Yasin QARAYEV, Xalq artisti və Prezident Təqaüdçüsü
"Zəhmətimin bəhrəsinə və ona olan diqqətə sevinirəm" FOTOLAR

Çoxminli tamaşaçılarıma və sevimli xalqıma bildirmək istəyirəm ki, 2016-cı il may ayının 22-sində Inşallah mənim 70 illik yubleyim olacaq. Bu 70 illik ömrümün də 50 ilini səhnədə keçirmişəm. İrili-xırdalı 100-dən çox rollarda çıxış etmişəm. Bu rollarımın hər biri mənim üçün əziz və doğmadır. Çünki həmin rollarıma mən ömrümün ən əziz illərini, həyatımın ən çətin anlarını, yuxusuz gecələrini, sağlamlığımı qoymuşam. Ömrümü teatr sənəti yolunda şam kimi əritməyimə heç də peşiman deyiləm. Əslində bununla əgər xalqıma zərrəcə xidmət eləyə bilmişəmsə qürür duyuram. Bəlkə də bu Allahın hökmüdür ki, may ayında dünyaya gəldiyimə görə bu ay həm də mənim həyatımda çoxlu tarixi hadisələrlə, sevindirici anlarla yadda qalıb.

Ümumiyyətlə, may ayı hər zaman mənim ücün bayramlar ayı olub. İllər keçməsinə baxmayaraq bu ay məni həmişə müjdələrlə sevindirib. Belə ki, 1991-ci ilin mayın 22-də mənə Əməkdar artist, 2006-cı ilin may ayının 15-də Prezident mükafatı və həmin ilin may ayının 16-da "Xalq artisti" fəxri adları verilib. Bu ilin, yəni 2016-cı ilin may ayının 6-da isə ölkə başçısı, mötərəm prezidentimiz cənab Ilham Əliyevin imzaladığı sərəncamla mənə fərdi Prezident təqaüdü verilib. Dünyanın belə çətin anlarında vaxt tapıb ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğı göstərən və məni də bu şərəfə layiq bilən sevimli Prezidentimizə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Mən incəsənətimizin bir əsgəri kimi bundan sonra da xalqıma şərəflə xidmət etməyə söz verirəm.

Təqdimatımı Mədəniyyət və Turizm Nazirliyinə məsləhət bilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, mədəniyyətimizin təəssübkeşi, Azərbaycanın Əməkdar artisti və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Mübariz Həmidova, Azərbaycan mədəniyyəti-incəsənəti üçün əvəzsiz işlər görən hörmətli nazir müavini Ədalət Vəliyevə və şəxsən cənab nazir Əbülfəs Qarayevə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Deməli, illərlə teatr sahəsində çəkdiyim zəhmət, sərf etdiyim vaxtlarım, uzun illər qastrol səfərlərində əziyyətlərim hədər getməyib.

Allah Sizin hamınızdan razı olsun! Qoy, ulu Yaradan sizin də bütün arzularınızı çin eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə