Muzey Mərkəzində həm Belarusiya, həm də xaricdə tanınmış interyer kukla ustası Qalina Dmitrukun "KUKLA" art-qalereyasının və Mərkəz tərəfindən təşkil edilmiş "Gecə nağılları" adlı müəllif kuklaları sərgisinin açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak edib.
Bakıda keçirilən Beynəlxalq kukla biennalesinin daimi iştirakçısı olan müəllif ölkəmizin paytaxtında keçirilən ilk fərdi sərgisi üçün "Gecə nağılları" adlı xüsusi layihə belə fikirləşib. Müəllifin fikrincə, bunun üçün o, demək olar bütün il ərzində Azərbaycanın təkrarsızlığı və ecazkarlığını qadın gözəlliyi prizmasından parlaq şəkildə əks etdirən kuklalar hazırlayıb.
Sərgidən öncə jurnalistlərə müsahibə verən kukla ustası Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirib: "Bakı mənim daim sevə-sevə səfər etdiyim şəhərlərdəndir. Burada özümü vətənimdəki kimi hiss edirəm. Əl işlərimi sənətsevər şəhərdə təqdim etməkdən məmnunam.
"Gecə nağılları" kolleksiyamı Azərbaycanın xanımlarından ilhamlanaraq yaratmışam. Ümid edirəm ki, sərgini ziyarət edənlər hər kuklaya baxdıqlarında mənimlə eyni hissləri duyacaqlar".
Sonra qonaqları salamlayan Qalina Dmitruk hər kəsə sərgidən xoş təəssüratlarla ayrılmağı arzu edib.
Daha sonra 9 əl işindən ibarət sərgi nümayiş olunub.
Qeyd edək ki, Qalina Dmitrukun işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiya və İspaniyada bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib. Onun kuklaları Belarusiyada hər zaman səbrsizliklə gözlənilir, çünki müəllif öz işlərini doğma vətənində olduqca nadir hallarda sərgiləyir. Belə ki, əl işlərinin demək olar ki, hamısı dünyanın dörd tərəfinə səpələnib və hal-hazırda İsveçrə, Almaniya, Çexiya, ABŞ, Rusiya, Ukrayna, Belçika, İspaniya, Azərbaycan və digər ölkələrdə əsl incəsənət bilicilərinin şəxsi kolleksiyalarında yer alır.
Kukla dizaynı Belarusiyada demək olar ki, nisbətən yeni sahədir və on il bundan öncə inkişaf etməyə başlayıb. Qalinanın ixtisasca jurnalist olmasına baxmayaraq, Belarusiyada bu incəsənət sahəsinin banilərindən biri sayılır. Qalina Dmitrukun kuklaları yalnız interyerin bir hissəsi olmaqla qalmayıb, həm də özlərində əks emosiyalarla dolu daxili aləmlərini ehtiva edirlər. Müəllifin aktivində olduqca gözəl və digər kuklalara bənzəməyən yüzdən artıq iş var. Qalinanın işləri ilə ənənəvi boşgözlü və qəlbsiz qızılı buruqsaçlı gözəlçələr arasındakı sərt təzad dərhal gözə çarpır. Onun kuklalarının hər birinin öz təkrarsız hekayəsi və taleyi var. Qırıq əl və ayaq xətləri, ifadəli baxışlar, kuklaların donub-qaldığı qeyri-adi duruşlar - bunların hamısı insanı ovsunlayır.
Fotolar: Cəlil Rəcəbli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB