Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə diplomatlar, Azərbaycan diasporasının fəalları, fəxri qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin həyətindəki büstünün qarşısına əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.
Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun memarı olduğu müstəqil Azərbaycanın qazandığı uğurları vurğulayaraq, məhz Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyətinin nəticəsində Azərbaycanın beynəlxalq aləmdə layiqli mövqe tutduğunu qeyd edib. O, Azərbaycan - Özbəkistan əlaqələrinin, dostluğunun möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən söz açıb.
Daha sonra Azərbaycanın yaxın dostu, özbək iş adamı Haydbəy Djapaqov
Heydər Əliyevi şəxsən tanıdığını, onun şəxsiyyətinə qibtə etdiyini qeyd edib, Ulu Öndərin hakimiyyəti dövrünə nəzər salaraq, onun fəaliyyətinin yalnız inkişaf və rifaha yol açdığını söyləyib.
Çıxış edən digər natiqlər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətin inkişafında Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq, Ulu Öndərin qurucusu olduğu müasir müstəqil Azərbaycanın, bütövlükdə Heydər Əliyev ideyalarının bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini fəxr hissi ilə vurğulayıblar.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti, dövlətçiliyin möhkəmlənməsində, ordu quruculuğunda xidmətləri barədə sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində təşkil olunmuş kitab sərgisində Ulu Öndərin həyat və fəaliyyətinə dair kitablar sərgilənib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB