“Hüseyn xan Naxçıvanski. Qayıdış” filminin təqdimatı keçirilib FOTOLAR

“Hüseyn xan Naxçıvanski. Qayıdış” filminin təqdimatı keçirilib FOTOLAR

Nizami Kino Mərkəzində "Hüseyn xan Naxçıvanski. Qayıdış" tammetrajlı sənədli filminin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə hökumət rəsmiləri, incəsənət xadimləri, C.Naxçivanski adına hərbi məktəbin tələbələri və media nümayəndələri iştirak edib.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat mərasiminin açılışını edən Azərbaycan Respublikası Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, ehtiyatda olan polkovnik Rasim Muxtarov çıxışında bildirib ki, Azərbaycanın görkəmli hərbçisi Hüseyn xan Naxçıvanski nəinki ölkəmizdə, habelə dünya hərb tarixinə adını yazmış şəxsiyyətlərdən olub: "Rus-yapon müharibəsi qurtardıqdan sonra polkovnik Hüseyn xan leyb-qvardiya süvari hissələrinə təyinat alır, 1906 -cı ilin əvvəlində isə Tiflisdə yerləşən 17-ci Nijeqorod draqun alayının komandiri təyin olunur. O, 1917-ci il inqilabını qəbul etmədiyi üçün Sovet İttifaqı dövründə adı hallanmayıb. Uzun müddət orduda xidmət edərək müharibələrdə göstərdiyi qəhrəmanlıqların nəticəsində general-leytenant rütbəsinədək yüksəlib".

Ekran əsərinin xətt prodüseri Tahir Əliyev çıxış edərək filmin üç il müddətində çəkildiyini vurğulayıb: "Filmin ideyası 2011-ci ildə "Lennauçfilm" studiyasında ezamiyyətdə ikən yarandı. Ekran işinin ssenari müəllifi və rejissoru Valentina Qurkalenko belə bir film çəkməyi təklif edəndə "Lennauçfilm" studiyası layihəni gerçəkləşdirməyə razılaşdı. Nəticədə ortaq film ərsəyə gəldi.

Onu da qeyd edim ki, filmin yaxın zamanlarda Sankt-Peterburqda da təqdim etməyi planlaşdırılır".

Daha sonra "Hüseyn xan Naxçıvanski. Qayıdış" filminin nümayişi başlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və "Lennauçfilm" studiyasında çəkilən film Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.

Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan, tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunmuş ekran işinin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Bütün xəbərlər Facebook səhifəmizdə