Elmi-Metodiki Mərkəzdə məlumatlandırıcı vəsaitlər hazırlanıb

Elmi-Metodiki Mərkəzdə məlumatlandırıcı vəsaitlər hazırlanıb

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət çərçivəsinin növbəti mərhələdə dörd müxtəlif istiqamətlərini (muzey işi, klub işi, İKT, rəsm qalereyaları) əhatə edən metodiki vəsaitlər hazırlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəllif Aygün Balabəyovanın "Muzey işinin modernləşdirilməsi: Əsas istiqamətlər" adlı metodiki tövsiyəsinin I hissəsində xarici və yerli muzeylərdə tətbiq olunan yeni texnologiyalar; bu yeniliklərin muzeyin fəaliyyətinə göstərdiyi təsirlər haqqında məlumat verilib.

Məhbubə Əbilovanın "Müasir ekspozisiya tərtibatında işıq və rəng amili" adlı metodiki tövsiyəsində ekspozisiyada işıqlandırma sisteminin düzgün qurulması, muzeyin profilinə uyğun rəng çalarlarının yerli-yerində seçilməsi, müvəqqəti sərgilərin mövzusuna uyğun yeni rəng çalarlarının vəhdətindən yaranmış sərgilərin təşkil edilməsi və bu kimi məsələlər öz əksini tapıb.

Cəlal Həziyevin hazırladığı "Şəhər (rayon) Mədəniyyət mərkəzləri və onların filiallarında özfəaliyyət dərnəklərinin təşkili" adlı metodiki tövsiyədə mədəniyyət mərkəzləri və onların filiallarında mədəni-kütləvi tədbirlərin keçirilmə qaydası, tədbirlərdə unudulmaqda olan xalq oyunlarının öyrənilməsi, yaşadılması və təbliği yollarının əhəmiyyəti vurğulanıb.

"İnformasiya-kommunikasiya texnologiyalarının mədəniyyət müəssisələrində tətbiqi üzrə ilkin biliklər" adlı metodiki tövsiyədə isə müəllif Toğrul Hidayətzadə informasiyanın insanı əhatə edən ətraf aləmdən aldığı biliklər və məlumatlar olduğundan, müasir dövrdə gənclərin əksəriyyətinin sosial şəbəkələrdən yalnız əyləncə vasitəsi kimi istifadə etməyindən və İKT-nin müasir həyatımızda mühüm rol oynayan amillərdən biri olduğundan bəhs edib.

Qeyd edək ki, hazırlanmış vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə göndərilməsi ilə yanaşı, yerlərdə təqdimatlarının keçirilməsi də nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə