Nazirliyin tərəfdaş olduğu Tvinninqin iclası keçirilib FOTOLAR

Nazirliyin tərəfdaş olduğu Tvinninqin iclası keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin tərəfdaş olduğu "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsinin ilkin komitə iclası keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, layihədə İtaliya və Azərbaycan tərəfləri mədəniyyət sahəsinin idarəetməsində təcrübə və biliklərin paylaşımı, Azərbaycanda mədəniyyət konsepsiyasının təkmilləşməsi üçün birgə çalışırlar.

İclasda Avropa İttifaqının Nümayəndəliyindən Miqel Qomez, İtaliya tərəfindən layihə rəhbəri Adele Çesi, layihə üzrə səlahiyyətli orqan olan CİSPEL agentliyindən məsul şəxs cənab Mikelancelo Fabbrini, layihənin Rezident Tvinninq Müşaviri (RTM) Alessandro Bianki və onun Azərbaycan tərəfindən həmkarı Ramil Abbəkirov, eləcə də Proqram İdarəetmə Qurumundan Əfqan Fəyziyev iştirak ediblər.

Görüş zamanı cənab Alessandro Bianki layihənin üçaylıq fəaliyyət hesabatını təqdim edib. Məlum olub ki, fəaliyyət planında göstərilən 1.2 nömrəli "Ölkənin mədəniyyət sektoru üzrə araşdırma" mərhələsi üç həftə əvvəl başlayıb və bu mərhələdəki işlər iyulun sonuna qədər davam edəcək.

Son üç həftə ərzində cənab Bianki Abşeron ərazisində yerləşən tarixi-mədəni qoruqlara səfərlər edib və həmin qurumların məsul şəxsləri ilə, eləcə də Nazirliyin bir neçə şöbələrində görüşlər keçirib.

Layihənin 1.2 mərhələsinin sonunda təqdim olunacaq yekun sənədin hazırlanması üçün müşavir görüşlərdə əldə edilən məlumatların çox faydalı olduğunu bildirib. İclasda layihə çərçivəsində İtaliyaya ediləcək təlim səfərlər və Azərbaycanda pilot layihələr üçün ilkin ideyalar müzakirə olunub.

Yekunda Fəaliyyət Planının 1.2. mərhələsi üzrə mədəniyyət qurumları ilə görüşlərin davam etdiriləcəyi nəzərə çatdırılıb. Növbəti 3 ayın hesabat iclası isə iyul ayının əvvəlinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə