Xalq artisti: "Ulu Öndərin hakimiyyəti dövründə mədəniyyətimiz ali inkişaf səviyyəsinə yüksəldi" AÇIQLAMA
"Mədəniyyətimizin inkişafı Ümummilli Lider Heydər Əliyevin bu sahəyə olan diqqət və qayğısının bariz nümunəsidir". Bu sözləri SİA-ya Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə fikirlərini paylaşan Azərbaycanın və Dağıstanın xalq artisti, professor Azər Zeynalov deyib.
Onun sözlərinə görə, Heydər Əliyev teatra xüsusi maraq göstərən şəxsiyyət idi: "Ulu Öndər daim premyeralarda iştirak edir, tamaşa bitdikdən sonra aktyorlarla ünsiyyət qurur, səhnə əsəri haqqında fikirlərini paylaşırdı. Mən də həmin xoşbəxt sənətçilərdən olmuşam. Belə ki, Ümummilli Lider mənim rol aldığım iki tamaşanın-"Arşın mal alan" və "Sevil"in premyeralarında iştirak etmişdir. Bunun nəticəsində, Heydər Əliyev 1998-ci ildə opera sənətindəki fəaliyyətimə görə, mənə birbaşa xalq artisti adına layiq görmüşdür. Bu da görkəmli şəxsiyyətin teatra, ümumilikdə incəsənətə qayğısının göstəricisidir.
Ulu Öndərin musiqiyə olan məhəbbəti də danılmaz idi. O, mədəniyyət sahələrinə sadəcə maraq göstərmirdi, həm də hər biri haqqında yüksək biliyə sahib idi. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan mədəniyyəti özünün ən ali inkişaf səviyyəsinə yüksəldi. Ümummilli Liderin mədəniyyət strategiyasının nəticəsində bir sıra incəsənət nümayəndəsi fəxri adlara, təqaüdə layiq görüldü.
Ölkə başçısı cənab Prezident İlham Əliyev həmin ənənəni layiqincə davam etdirir, öz siyasi fəaliyyəti ilə paralel olaraq, mədəniyyət sahəsinə də hərtərəfli dəstək olur".
Xalq artisti fikirlərinə əlavə olaraq, bu yaxınlarda cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən, xüsusi mükafata layiq görülən incəsənət nümayəndələri arasında onun da yer aldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB