“Axınla aşağı”dan növbəti uğur

“Axınla aşağı”dan növbəti uğur

"Axınla aşağı" bədii filmi mayın 21-də Avstriyada 6-cı Vyana inteqrasiya həftəsi çərçivəsində nümayiş olunacaq. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, nümayiş "LET’S CEE" Beynəlxalq Film Festivalı tərəfindən təşkil olunur. "LET'S INTEGRATE!" filmlər silsiləsi Mərkəzi və Şərqi Avropa istehsalı olan filmlərin nümayişini həyata keçirir və "Axınla aşağı" bədii filmi bu il regiondan seçilən 6 film siyahısına daxil edilib.

Ekran əsəri 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunub.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu rejissoru Asif Rüstəmov, operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırıblar.

Qeyd edək ki, "Axınla aşağı" filmi 2015-ci ildə "LET’S CEE" Beynəlxalq Film Festivalında "İddialı debüt" müsabiqə proqramında mükafata layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə