Musiqili Teatrdan balacalara müjdə

Azərbaycan Dövlət Musiqili Teatrında yeni uşaq tamaşasının məşqlərinə start verilib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, söhbət Əli Səmədlinin "Meşə çaqqalsız olmaz" musiqili nağıl-tamaşasından gedir. Yeni səhnə əsərinin quruluşçu rejissoru Əhəd Hacıyevdir. Rejissorun sözlərinə görə, tamaşanı hazırlamaqda əsas məqsəd balacalara mübarizə əzmi, vətənpərvərlik hissi aşılamaqdır: "20 ildən çoxdur ki, torpaqlarımız nankor qonşularımız ermənilər tərəfindən işğal olunub. Başqa bir xalqın, dövlətin ərazisinə soxulmaq, zəbt etmək, yalandan bütün dünyaya "Bura bizimdir!" deyib car çəkmək, Xocalı kimi dəhşətli bir cinayətə, soyqırımına imza atmaq erməni xislətinin bariz nümunəsidir. Uşaqlar bizim gələcəyimizdir, ilk növbədə onlara tariximizi öyrətmək və mənfur qonşularımızı olduğu kimi tanıtmaq lazımdır. Maraqlı süjet xəttinə malik olan bu tamaşa əslində dolayısı ilə erməni xisləti haqqında uşaqlarımızı məlumatlandırmaq missiyası daşıyır".

Tamaşanın geyim üzrə rəssamı Yelena Almazova, rejissoru Elməddin Dadaşov, rejissor-assistenti Tamilla Aslanovadır. Səhnə əsərində rolları Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Elxan İsmayılov, Gülnarə Kərimbəyova, Zinyət Qurbanova, Şaban Cəfərov, Murad Əliyev, Elçin İmanov, Fərid Rzayev, Nigar Qarayeva və Cəlalə Novruzli ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə