VII Qlobal Forumun yekunlarına dair tədbir keçirilib FOTOLAR

VII Qlobal Forumun yekunlarına dair tədbir keçirilib FOTOLAR

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Formunun yekunlarına həsr olunan tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, hökumət rəsmiləri, millət vəkilləri, media nümayəndələri iştirak edib.

Tədbirin açılışını edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq layihənin nəticələrindən danışıb: "Aprelin 25-27-də keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın dünyada tanıdılmasında yeni mərhələ oldu. Bu mötəbər tədbirin yekununda imzalanan Bakı bəyannaməsi nəinki ölkəmizin siyasi tarixinə, həmçinin, dünya arxivinə həkk olunan mühüm fakta çevrildi. Bildiyiniz kimi, mənfur düşmənlərimiz bəyannamənin təsdiq olunmasına 17 dəfə hər vasitədən istifadə edərək əngəl oldu. Lakin biz Bakı bəyannaməsinin beynəlxalq qurumlar tərəfindən təsdiq olunmasına nail olduq. Forum Azərbaycanın gücünü, potensialını dünyaya sübut etdi və beynəlxalq qurumlarda inam formalaşdırdı. Nəticədə, ölkə başçısı İlham Əliyevin siyasi fəaliyyəti bəşəriyyət tərəfindən bir daha qəbul olundu və dəstəkləndi. Bu yaxınlarda ABŞ-ın sosioloji mərkəzinin apardığı təhlillər nəticəsində Azərbaycan liderinin reytinqi bir sıra dünya siyasətçilərindən yüksək olub. Bütün bu uğurların arxasında uzun hazırlıq prosesi və böyük kollektivin əməyi dayanır. Bizi qarşıda daha böyük layihələr, beynəlxalq tədbirlər gözləyir".

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla çıxış edərək bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanın tolerantlığını, multikultural dəyərlərə sahib olmasını bir daha təsdiqlədi: "Ölkəmizdə dünya əhəmiyyətli tədbirin keçirilməsi xalqın birliyinin, gücünün göstəricisinə çevrildi. Forum həmçinin, Azərbaycanın tolerant mühitini əks etdirdi. Zəngin tarixə malik ölkəmizin milli-mənəvi dəyərlərini, qədim ənənələrini bəşəriyyətə tanıtmağa müvəffəq oldu. Nəticədə, Azərbaycanın daha böyük beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcəyinə zəmin yaratdı".

Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi mərasimi başlayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən Forumun təşkil olunmasında səmərəli fəaliyyətinə görə Eyvazzadə Vasif Rasif oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Məlikov Cəlil Bəhram oğlu, Məmmədova Nuriyyə Lətif qızı, Şixəmmədov Vüqar Nurməmməd oğlu "Tərəqqi" medalı ilə, İbrahimova Xanım Məmməd qızı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Tədbirdə həmçinin, Qlobal Forumun gerçəkləşməsində xidmətləri olan digər dövlət qurumlarının nümayəndələrinə, Mədəniyyət və Turizm Nazirliyi yanında İşçi Qrupunun üzvlərinə, nazirliyin işçi heyətinə sertifikatlar təqdim edilib.

Mərasim qeyri-rəsmi hissə ilə davam edib.

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə