Bölgələrdə yay turizm mövsümünə hazırlıq müzakirə olunub

Bölgələrdə yay turizm mövsümünə hazırlıq müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrinə əsasən, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə əlaqələndirilməsi məqsədi ilə yaradılmış nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupunun üzvləri bölgələrdə keçirilən görüşləri davam etdirirlər. Nazirlikdən SİA-ya verilən xəbərə görə, işçi qrupunun rəhbəri Fuad Nağıyev və qrupun üzvlərindən Namiq Qulamov, Pərviz İsgəndərli, Bəxtiyar Qılıncov və Seymur Həsənov Şamaxı, İsmayıllı və Şəki rayonlarında görüşlər keçiriblər.

Görüşlər turizm xidmətlərinin təkmilləşdirilməsi, mədəniyyət müəssisələrinin fəaliyyətinin turizm sahəsi ilə daha da sıx əlaqələndirilməsi, turistlərə təqdim edilən xidmətlərin səviyyəsinin artırılması və təhlili məqsədilə təşkil edilib.

Keçirilən görüşlərdə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının mədəniyyət və turizm şöbələrinin təqdim etdikləri yay mövsümü ilə bağlı tədbirlər planında nəzərdə tutulan mədəni proqramların qeyd edilən rayonlarda yerləşən mehmanxanalarda və digər turizm müəssisələrində təşkilinin razılaşdırılması və eyni zamanda, turizm şirkətlərinin nazirliyin yerli şöbələri ilə birlikdə mövsümə hazırlığı, turistlərə mədəni xidmətlərin göstərilməsi müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə