GTT Londona səfərə gedir FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq səfərə hazırlaşır. GTT-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 28-dən iyunun 2-dək davam edəcək qastrol səfəri İngiltərənin paytaxtı London şəhərində baş tutacaq. Kollektiv M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" tamaşası ilə çıxış edəcək.

2009-cu ildə xalq artisti Cənnət Səlimova tərəfindən səhnələşdirilən tamaşada rolları əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov ifa edəcək.

İngiltərədə fəaliyyət göstərən "UMUD Ltd Company" şirkətinin dəvəti ilə və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, əməkdar artist Mübariz Həmidov başda olmaqla, mayın 28-də yola düşəcək.

Qeyd edək ki, nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə