"Mədəniyyət paytaxtı - Şəki-2016”nın açılışı keçirilib FOTOLAR

Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, Qala divarlarının içərisində "Türk dünyasının mədəniyyət paytaxtı - Şəki-2016" "paytaxt ili"nin təntənəli açılış mərasimi keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, həmçinin, digər yerli və xarici qonaqlar iştirak edib.

Tədbirdən öncə Şəki şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə tər çiçək təstələri qoyularaq xatirəsi hörmətlə anılıb.
Burada qonaqlar əvvəlcə Azərbaycan xalqının qədim atüstü oyunu "çövkən"i izləyiblər. Daha sonra Şəki Xan Sarayı ilə tanışlıq olub. Qonaqlara Xan Sarayı haqqında ətraflı məlumat verilib. Sarayın tikilmə vaxtı, memarlıq üslubu, həmçinin, Şəki xanlığının Azərbaycan tarixində tutduğu mövqeyindən danışılıb.
Tədbir çərçivəsində Qoruq ərazisində Şərq bazarı, sərgilər, satış yarmarkaları keçirilib, folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edib və ləziz Şəki mətbəxi nümayiş olunub.

Lakin tədbir hələ davam edir. Belə ki, yay teatrında tədbirin rəsmi açılış mərasimi keçiriləcək. Burada TÜRKSOY-a üzv olan ölkələrin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edəcək. Tədbirdə, həmçinin, TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi də keçiriləcək.
Qeyd edək ki, TÜRKSOY-un mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistan Respublikasının Mari şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə