Toğrul Məmmədli: “Bakı sivilizasiyaların və mədəniyyətlərin dialoq paytaxtıdır”

"Cari ilin 25-27 aprel tarixlərində Bakının ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bir neçə aspektdən Azərbaycana beynəlxalq siyasi arenada nüfuz qazandıracaq". Bunu SİA-ya Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının eksperti Toğrul Məmmədli deyib.

O bildirib ki, Bakı bütün dünya miqyasında özünü dinamik inkişafda olan bir şəhər kimi göstərdi: "Heç kəsə sirr deyil ki, bu gün Bakı bir çox mötəbər mədəniyyət, siyasət, humanitar və idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir. Azərbaycan BMT-yə üzv olduğu tarixdən təşkilatın bütün tədbir və layihələrində yaxından iştirak edir, BMT-nin rəhbərlik etdiyi sülh və humanitar siyasəti dəstəkləyir. Bu gün Azərbaycan bütün dünyaya mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin təbliğ olunduğu bir ölkə kimi tanınır. Bakı-sivilizasiyaların və mədəniyyətlərin dialoq paytaxtıdır. Bu aspektdən də dünyanın 100-dən çox ölkəsini təmsil edən nümayəndələrin multikultural Bakıya toplaşması uğurlu siyasətimizin sübutudur".

Toğrul Məmmədli qeyd edib ki, bu gün bəşəriyyətin müxtəlif növ siyasi, dini və hərbi münaqişələrlə üz-üzə durduğu bir zaman, millətlərarası dialoq və tolerantlığa böyük ehtiyac var: "Azərbaycan multikulturalizm istiqamətində böyük təcrübəyə malikdir. Tarixən ölkəmizin ərazisi müxtəlif sivilizasiyaların qovuşduğu, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh içində yaşadıqları bir məkan olub. Bu günümüzdə də Azərbaycan multikulturalizmə böyük əhəmiyyət verən bir ölkədir".

Onun sözlərinə görə, Azərbaycanda yaşayan istər köklü xalqlar, istərsə də digər xalqlar tarix dönəmində həmişə özlərinin mədəniyyətini, adət ənənələrini, nəinki qoruyub saxlayıblar, həmçinin onu inkişaf etdiriblər: "Eyni zamanda Azərbaycan xalqlarının ümumi adət ənənələri, birgə yaşayış tərzi də formalaşıb. Ölkəmiz əzəli tolerantlıq prinsiplərinə sadiq qalaraq onların dil, din və adətlərinin fərqliliyini qoruyur, onların hər bir üçün eyni imkanlar şamil edir və bununla da Azərbaycan dünyaya multikulturalizm nümunəsidir"

Toğrul Məmmədli multikulturalizm sahəsinin ölkəmizdə inkişafı istiqamətində yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin reallaşdırdığı tədbir və layihələri də xüsusi qeyd edib: "Eyni zamanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar da öz növbəsində Azərbaycanın multikulturalizm mühitinin dünya miqyasında tanındığının göstəricidir".

Dünya praktikasına toxunan Toğrul Məmmədlinin sözlərinə görə, bu gün müxtəlif ölkələr multikulturalizm sahəsini öz daxillərində inkişaf etdirməyə çalışırlar, lakin bu hər zaman gözlənilən müsbət nəticəni vermir: "Belə ki, inkişaf etmiş, çoxmillətli ABŞ, İngiltərə, Fransa, İsveç, Avstraliya və başqa ölkələrdə polis nümayəndələrinin xüsusən qaradərili vətəndaşlara, buddistlərə, ərəb mənşəli şəxslərə, yerli xalqlara, miqrant ailələrinə qarşı davranışları böyük narazılıqlara səbəb olur".

Bundan əlavə o, Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin 2011-ci ildə TF1 televiziya kanalına verdiyi müsahibəsini yada salıb. Xatırladırıq ki, həmin müsahibədə Sarkozi rəsmi Parisin multikulturalizm siyasətini "tam uğursuz" adlandırmışdı.

Toğrul Məmmədli onu da əlavə etdi ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda qaldırılmış bir çox məsələlərdə "dini ekstremizm", "sülh, təhlükəsizlik və davamlı inkişaf", "vətəndandaş cəmiyyəti və biznes", "münaqişə zonaları və miqrasiya" və digər aktual mövzularda Azərbaycanın böyük fəaliyyət təcrübəsi var. Bu forum vasitəsi ilə Azərbaycan Sivilizasiyalar Alyansının vacib məsələlərinin həllinə öz töhfəsini verə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə