Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2016-cı il tarixli Sərəncamına əsasən, Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetin və Azərbaycan Dillər Universitetinin filologiya kafedrasının tələbələri iştirak edib.
Tədbirin açılışını edən Azərbaycan İstiqlal Muzeyinin şöbə müdiri Sədi Mirseyibli tarixi mənbələrə əsaslanaraq, I Türkoloji Qurultayın fəaliyyəti, istiqamətləri və nəticəsi haqqında məlumat verib.
Daha sonra çıxış edən BDU-nun "Mənbəşünaslıq, tarixşünaslıq və metodika" kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, Azərbaycan dilinin, azərbaycançılıq məfkurəsinin formalaşmasında 1926-cı il fevralın 15-dən martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay mühüm rol oynayıb: "Qurultay türk xalqlarının mədəni inteqrasiyasında, türkçülüyün tarixi köklərinin tədqiqində yeni mərhələnin təməlini qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayın hədəf mərkəzində olan əsas məsələ bütün türkdilli xalqlar üçün latın qrafikasına əsaslanan yeni əlifbanın qəbul edilməsi idi.
I Türkoloji Qurultayın Bakıda keçirilməsi tamamilə qanunauyğun idi, çünki həmin dövrdə bir sıra sahələrdə olduğu kimi türkologiya elmində də Azərbaycan öndə gedirdi, birinci idi. Ölkədə bu istiqamətdə tanınmış və nüfuzlu söz sahibləri, elm adamları çoxdan bəri səmərəli fəaliyyət göstərirdi.
XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bu baxımdan, Birinci Türkoloji Qurultay azərbaycançılıq, türkçülük idealogiyasının formalaşmasına səbəb olan tarixi hadisədir".
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova çıxış edərək, ötən əsrin 20-ci illərində baş verən tarixi əhəmiyyətli hadisədə qəbul edilən qərarlardan danışıb: "Qurultayda türk xalqlarının inkişafında əhəmiyyətli rol oynayan bir sıra qərarlar qəbul olunub. Qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya, latın əlifbasına keçidlə bağlı məsələlər xüsusilə mühüm yer tuturdu. Məlum olduğu kimi, həmin məsələlər və onlarla bağlı problemlər bu gün də öz aktuallığı ilə seçilir və böyük əhəmiyyət daşıyır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli respublikalardan məhz, Azərbaycanda başlanması hələ XIX əsrdən etibarən, xalqımızın mütərəqqi ziyalılarının əlifba islahatı uğrunda apardıqları mübarizənin nəticəsi idi.
Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda, Qurultayın təşkili işinə töhfələr vermiş totalitar rejim qurbanı, görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir".
Qeyd edək ki, 1926-cı il fevralın 15-dən martın 6-dək Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayıb. Türkdilli xalqlar arasında ilk dəfə ölkəmizdə keçirilən qurultayda Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Tatarıstan, Almaniya və digər ölkələrdən geniş tərkibdə nümayəndə heyəti iştirak edib. Burada ədəbiyyat, tarix, folklor, etnoqrafiya və başqa məsələlər ətraflı şəkildə türkoloji baxışın tərkib hissələri kimi müzakirəyə çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB