Kitabxana əməkdaşları üçün maarifləndirici treninq keçirilir

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının təşkilatçılığı və YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin dəstəyi ilə 25-29 aprel 2016-cı il tarixdə Gənclər Kitabxanasında "Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində" mövzusunda treninq keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, treninqdə açılış nitqi ilə çıxış edən C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov treninqin təşkil olunmasında əsas məqsədin şəhər (rayon) kitabxanalarında çalışan mütəxəssislərə kompüterlə bağlı tələb olunan proqramların öyrədilməsi və fəaliyyətlərinin optimallaşdırılması istiqamətində təcrübə mübadiləsinin aparılması olduğunu bildirib.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Aslan Cəfərov treninqdə çıxış edərək qeyd edib ki, bu gün kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiq olunması oxucular üçün operativ informasiya tələbatını təmin etməkdədir. O, eyni zamanda, qeyd edib ki, bütün bu yeniliklərlə yanaşı, ənənəvi mütaliəyə də diqqət yetirmək və kitabla həmrəy olmaq lazımdır.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova çıxışında bildirib ki, müasir dövrün kitabxanaları rəqəmsal informasiya massivləri ilə işləyən istifadəçilər üçün intellektual asudə vaxt mərkəzlərinə çevrilib. Eyni zamanda, oxuculara göstərilən xidmətlərin çeşidi mütəmadi genişlənməkdədir. O, treninqin iştirakçılarına tövsiyə edib ki, burada qazandıqları bilik və təcrübəni çalışdıqları yerlərdə digər əməkdaşlara da aşılasınlar.

Treninqdə "Power Point", "Photoshop" proqramları üzrə vizual dərslərin təşkili, "Youtube"da kanalların yaradılması və oraya videoların yüklənilməsi, kitabların PDF formatına salınması, "Nero" proqramı vasitəsilə optik disklər üzrə əməliyyatların aparılması, kompüterlərin format olunması və yeni əməliyyat sistemlərinin yazılması, lazımi proqramların "setup"ının düzgün şəkildə internetdən tapılması, alınması və onun yüklənilməsi, saytlarla düzgün işlənmə qaydaları, internet modemlərinin quraşdırılması, kitabxanada lokal şəbəkənin yaradılması, ALİSA proqramının administrasiya bölməsinin düzgün işlənilməsi, "Microsoft Office" proqramının öyrədilməsi və interaktiv proqramların tətbiqi mövzularında ətraflı iştirakçılara əməli və təcrübi cəhətdən məlumat verəcək.

Treninqdə Ağcabədi, Abşeron, Qəbələ, Qubadlı, Beyləqan, Balakən, Masallı, Neftçala, Şəmkir, Şamaxı, Salyan, Sabirabad, Hacıqabul, Laçın, Cəlilabad, Tovuz, Xocavənd, Füzuli, Xızı, Yardımlı, Kəlbəcər rayon və Lənkəran, Şirvan, Yevlax, Mingəçevir şəhər kitabxanalarının, habelə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetin, Respublika Elmi-Tibb Kitabxanasının, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşları iştirak edirlər.

Qeyd edək ki, treninqin sonunda iştirakçılar sertifikat ilə təltif ediləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə