“Kazanova: Sevgi dərsləri" təqdim olundu

Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında çoxdan gözlənilən "Kazanova: Sevgi dərsləri" tamaşasının premyerası baş tutub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, pyesin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir. Tamaşanın quruluşçu rəhbəri xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Quruluşçu rejissoru və musiqi tərtibatçısı isə İlqar Safat, xoreoqrafı Raulya Türkandır.

İlqar Safat bildirib ki, səhnə əsəri iki ay ərzində hazırlanıb: "Kazanova məşhur personajdır, bütün dünya mədəniyyətində adı olan əfsanəvi obrazdır. Dəfələrlə kinematoqraflar və dramaturqlar bu obraza müraciət edib. Şadam ki, mənim xalq artisti Fəxrəddin Manafovla işləmək imkanım yaranıb. Mənə bu imkanı yaratdığına görə, Rus Dram Teatrının rəhbərliyinə minnətdaram".

Tamaşadan öncə baş qəhrəmanı canlandıran xalq artisti Fəxrəddin Manafov jurnalistlərə açıqlama verib: "Rus Dram Teatrının səhnəsində ilk dəfə çıxış edirəm və bu, mənim üçün böyük məsuliyyətdir. Təxminən dörd ildir ki, səhnəyə çıxmıram. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər. Təkcə özümə deyil, bütün aktyorlara da uğurlar arzulayıram".

Əsas qadın rollarından birinin ifaçısı, gənc aktrisa Yeganə Hüseynli etiraf edib ki, Fəxrəddin Manafovla bir səhnədə oynamaq onun üçün böyük şərəfdir, buna görə də, o, çox həyəcanlanır.

Yaşlandığı üçün artıq Kazanova əvvəlki sevgi intriqalarından əl çəkərək, kitabxanaçı işləyir və gənc Fransa (Murad Məmmədov) sevgi dərsləri verir ki, o,burqomistrin qızı Annanı (Yeganə Hüseynli) yoldan çıxartsın. Onun atası (xalq artisti Yuri Baliyev) qızını qrafa (əməkdar artist Firdovsi Atakişiyev) ərə vermək istəyir. Annanın ürəyini ələ keçirmək istəyənlərin siyahısına Kazanova da qoşulur. Çünki o, da Annaya aşiq olur. Əlbəttə ki, Anna bütün nişanlılar arasında onu seçir, lakin təəssüf ki, Kazanovanın ürəyi buna tab gətirmir və ölüm onu caynağına alır.

Bütün xəbərlər Facebook səhifəmizdə