Salyan rayon kitabxanasında maarifləndirmə işi aparılıb FOTOLAR

Salyan rayon Heydər Əliyev Mərkəzində fəailiyyət göstərən elektron kitabxanada yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq məqsədilə, oxucular arasında Hüseyn Cavidin "Ana" mənzum dramının müzakirəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, öncə ömrünün 44 ilini kitabxana sahəsinə həsr etmiş, qabaqcıl kadrlardan olan kitabxananın müdiri Ağalarova Yasəmən oxuculara mütaliənin keyfiyyətlərindən söz açaraq, yaşadığımız zamanın müasir texnologiyalar dövrü olması səbəbindən insanların kitabdan uzaq düşdüyünü nəzərə çatdırıb.

O, qeyd edib ki, kitabın hər zaman insanların dostu olduğu unudulmamalıdır: "İstər bədii, istərsə də elmi ədəbiyyat olsun, oxuduğumuz hər bir kitab bizim üçün inkişaf etməyin, maariflənmənin, dünyagörüşümüzün formalaşmasının mənbəyidir.Tam orta məktəb səviyyəsində aldığımız biliklərə məhz, kitablar vasitəsilə nail oluruq. Daha sonra biz fiziki olaraq, böyüdükcə düşüncələrimiz, həyata və cəmiyyətə baxışlarımız da böyüyür".

Kitabxana müdiri əsər haqqında oxuculara qısa məlumat verərək, bildirib ki, "Ana" əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır: "Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. "Ana" dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib. Əsərdə Hüseyn Cavid türk qadınının mərdanə hərəkətini əks etdirməyə çalışıb. Ana evinə qəbul etdiyi qonağın oğlunun qatili olduğunu bilincə, nə qədər sarsılsa da "Qonaq Allah qonağıdır", "Qonağa zaval yoxdur" düşüncəsində bulunaraq, dözümlük ve mətanət göstərir. "Amandasan" deyərək, verdiyi sözün arxasında durduğunu nümayiş etdirir. Əsər faciəvi bir sonluqla bitsə də, Səlma ananın möhtəşəm obrazı milli xarakterik xüsusiyyətləri ilə yaddaşlarda dərin iz qoyur".

Kitab müzakirəsi diskussiya şəklində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə