"Siyasətdən kənar" sərgisinin açılışı olub FOTOLAR

"Siyasətdən kənar" sərgisinin açılışı olub FOTOLAR

Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan "Siyasətdən kənar" adlı müasir incəsənət sərgisinin açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, hökumət və incəsənət nümayəndələri iştirak edib.

Çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizin aprelin 25-də başlayacaq BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazır olduğunu və bu əhəmiyyətli layihənin reallaşmasında mədəni təşkilatların, incəsənət nümayəndələrinin də üzərinə iş düşdüyünü bildirib: "Sivilizasiyalar Alyansının şüarı insanları birləşdirmək, dostluq yaratmaqdır. Bu gün təşkil olunmuş tədbir də bu amilə xidmət edir".

Sərgidə 80 heykəltəraş və rəssamın müxtəlif sərgi qalereyalarında saxlanılan və ilk dəfə nümayiş olunan 150-yə qədər əsəri sərgilənməkdədir. Bu tədbir forumun mədəniyyət proqramını açıq elan edir. Aprelin 27-də Heydər Əliyev adına Sarayda təşkil olunacaq "Sivilizasiyaların Musiqi Alyansı" konserti ilə mədəni proqramın tamamlanması nəzərdə tutulub".

Nazir həmçinin, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasiri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib.

Tədbirdə Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək, BMT-nin Sivilizasiyalar Alyansının Azərbaycanın mədəniyyətlərarası dialoqun qurulmasında həyata keçirdiyi bütün layihələrdə dəstək olacağını ifadə edib: "Bu Alyans böyük anlaşma və əlaqə yaratmaq üçün əhəmiyyətli platformadır. Bu, həmçinin sülh və təhlükəsizliyin təbliği üçün yeni perspektivlər vəd edir. Mədəni müxtəliflik incəsənətin ifadəsi ilə daha geniş yayılır. BMT dialoqun sülh üçün gözəl vasitə olduğunu göstərmək üçün yaradılıb. Müxtəlifliyi təbliğ etmək, fikir azadlığı, bir-birini yaxından tanıma, tolerantlıq, qarşılıqlı anlaşma, digərinə hörmət bizim işimizin əsasını təşkil edir. İncəsənət sülhün və anlaşmanın çiçəklənməsi üçün vasitədir. Bu sərgi də məhz, bu məqsədə cavab verir".

Çıxış edən Azərbaycanın xalq rəssamı Fərhad Xəlilov bildirib ki, forum ölkəmizin tarixində əhəmiyyətli rola malikdir: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ölkəmizin ev sahibliyi etməsi Azərbaycan incəsənəti üçün də əlamətdar hadisələrdən biridir. Məlumdur ki, bu gün dünyanın qloballaşmasında qarşıya çıxan ən böyük problem qarşılıqlı hörmət və anlayışın əksikliyidir. Lakin sevindirici haldır ki, ölkəmizdə tolerantlıq, millətlərə, xalqlara və dinlərə hörmət qanun kimi qəbul olunub. Bu gün sərgilənən bütün əsərlər də buna əyani sübutdur".

Azərbaycanın xalq rəssamı, heykəltəraş Ömər Eldarov çıxışında Azərbaycanın zəngin incəsənət məktəbinə malik olması ilə fəxr etdiyini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgidə plakat, qrafika, rəngkarlıq, kalliqrafiya, heykəltəraşlıq və video-art sahəsi üzrə olmaqla, Qobustan qayaüstü təsvirləri, orta əsr miniatürləri, memarlıq və xəttatlıq kimi qədimliyinə əsaslanan, 20-ci əsr və müasir rəssamların davam və inkişaf etdirdikləri ənənələr üzərində formalaşaraq, ərsəyə gətirilmiş nadir sənət inciləri, yüksək bədii dəyərə malik olan əsərlər nümayiş olunub. Əsərlərin əksəriyyəti geniş tamaşaçı auditoriyasına ilk dəfə təqdim edilib.

Sərgi 28 aprelə kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə