“Multikulturalizm qaçılmazdır” FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzində "Multikulturalizm qaçılmazdır" mövzusunda növbəti seminar keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, innovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin baş metodisti Toğrul Hidayətzadə "Multikulturalizmin tarixi və Azərbaycanda multikulturalizm" adlı çıxışında multikulturalizmin mənasından, formalaşmasından və zəngin tarixindən bəhs edib. Mövzu geniş diskussiyanın yaradılmasına səbəb olub.

Çıxış edən bədii təhsil şöbəsinin metodisti Lalə Musayeva "Bakıda ilk qızlar məktəbinin yaranması və azərbaycan musiqi mədəniyyətində qadın bəstəkarların rolu" adlı məruzəsində Azərbaycanda ilk qadın təhsilinin təməlindən, qadınların cəmiyyətimizdə hüquq bərabərliyindən söz açaraq, məşhur bəstəkarlar Ağabacı Rzayevadan, Şəfiqə Axundovadan, Ədilə Hüseynbəylidən, Elza İbrahimovadan və Firəngiz Əlizadədən danışıb.

Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Səbuhi Hüseynov isə "Kitabxanalarımızın müasir inkişaf xüsusiyyətləri: qanunvericiliyin bazası və oxucu problemi" adlı məruzə ilə çıxış edərək, müasir dövrdə kitabxanalarda oxucu problemindən və onun həlli yollarından söz açıb.

Sonda seminarın mövzuları ətrafında mərkəzin direktor müavini Adilxan Bayramov, elmi katibi Hüseyn İbharimov, şöbə müdirləri Sənan Talıbov, Rafiq Quliyev və əməkdaşları Pakizə Almazova, Cavid Quliyev, Cəlal Həziyev bir sıra maraqlı fikirlər və təkliflər irəli sürüblər.

Mərkəzin direktoru Asif Usubəliyev son olaraq, qeyd edib ki, Azərbaycan multikultural siyasətini davam etdirir və müəyyən qarşıdurmalara baxmayaraq, multikulturalizm, birgəyaşayış qaçılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə