Dahi bəstəkarın 110 illik yubileyi qeyd olunub

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli uşaq incəsənət məktəbində Dmitriy Şostakoviçin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığı, onun dünya bəstəkarlıq tarixində tutduğu yeri haqqında danışılıb.

Bildirilib ki, D.Şostakoviçin yaradıcılığı mövzu və janr rəngarəngliyi ilə fərqlənir. O, simfoniyalar ilə yanaşı, 15 kvartetin müəllifidir. Ümumbəşəri, ictimai-etik, dərin fəlsəfi yönümlü əsərlərlə yanaşı, D.Şostakoviç Aleksandr Blokun, Marina Svetayevanın şerlərinə incə, lirik vokal silsilələr də yazıb. İkinci Dünya müharibəsi zamanı bəstəkar məşhur əsərlərindən olan VII simfoniyanı yazıb. Böyük Vətən müharibəsinin ən böyük musiqi abidələrindən biri olan VII simfoniya xalqın alman faşizminə qarşı qalibiyyətli mübarizəsini böyük realist qüvvə ilə təcəssüm etdirib. Simfoniya ilk dəfə 1942-ci ildə Kuybişevdə, daha sonra Moskva və mühasirə edilmiş Leninqradda, həmçinin xarici ölkələrdə böyük müvəffəqiyyətlə səslənib.

Tədbirdə məktəbin fortepiano şöbəsinin şagirdləri D.Şostakoviçin əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Sonda dahi bəstəkar haqqında sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...