Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nın ikinci günündə möhtəşəm moda sərgisi nümayiş etdirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sərgidə ölkənin gənc modelyerlərinin kolleksiyaları təqdim edilib.
Moda sərgisində iştirak edən Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi Azərbaycanın Qarabağ diyarının geyimlərini nümayiş etdirib.
Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri Azərbaycan xalq mahnısı "Sarı gəlin"in sədaları altında XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, zadəgan Qarabağ xanımlarının geyimlərini nümayiş etdiriblər.
Xüsusi daş-qaşlarla bəzədilmiş və ipəkdən hazırlanan geyimlər böyük maraqla qarşılanıb və Festivalın Təşkilat Komitəsi tərəfindən xüsusi mükafata layiq görülüb.
Qarabağ geyimləri Bakı Geyim Evi tərəfindən hazırlanıb və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirilir.
İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəni irs təqdim olunub, milli geyimin hər bir xalqın qədim tarixi, zəngin mədəniyyətinin göstəricisi olduğu sərgilənib.
Qeyd edək ki, sərgidə Özbəkistanın bir sıra gənc modelyerlərinin müasir, klassik stilə aid kolleksiyaları nümayiş etdirilib. Əsasən, Şərq qadın geyim kolleksiyalarına üstünlük verilib.
Sərgi Daşkənddə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb və yerli mətbuatda geniş işıqlandırılıb.
Qeyd edək ki, moda sərgisində Özbəkistan Rəssamlıq Akademiyası, Dizayn İnstitutları, Azərbaycanın Özbəkistandakı Səfirliyi, xarici diplomatlar, tanınmış mədəniyyət, incəsənət xadimləri, bu sahə üzrə çalışan müəllim və tələbələr, mətbuat nümayəndələri iştirak ediblər.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB