Aprelin 25-də Nizami Kino Mərkəzində British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi ilə birgə "İkinci Britaniya Bahar Film Festivalı"nın açılışı keçiriləcək. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 30-a kimi davam edəcək festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılacaq.
Festivalın növbəti günlərində, həmçinin, aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il", baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi, rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda, çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.
Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bilet və hədiyyələr veriləcək.
Azərbaycanda "İkinci Britaniya Bahar Film Festivalı"nın təşkil olunması münasibətilə, British Council Azərbaycanın direktoru xanım Elizabet Uayt bildirib: "Məqsədimiz Britaniya kinematoqrafçılarının filmlərini azərbaycanlı tamaşaçılara təqdim etmək, eyni zamanda, innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır. Bu ilin "Bahar Britaniya Filmləri Festivalı"nda yeni filmlər təqdim edilir. Ümid edirəm ki, Bakı tamaşaçıları bu filmlərin bir çoxunu izləyəcək".
Festivalda göstəriləcək filmlərin seans cədvəlini təqdim edirik:
"Bruklin"-25 aprel saat 19:00
"Furqondakı ledi"-26 aprel saat 14:30
"Mister Homs"-26 aprel saat 18:30
"Lobster"-27 aprel saat 14:30
"45 il"-27 aprel saat 18:30
"Mister Homs"-28 aprel saat 14:30
"Mənə qulaq as, Marlon" 28 aprel saat 18:30
"Bruklin" 29 aprel saat 18:30
"45 il" 30 aprel saat 14:30
Bütün filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazı ilə olmaqla, ingilis dilində nümayiş ediləcək.
Qiyməti 2 manat olan biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.
Qeyd edək ki, British Council Bakıda ilk "Britaniya Film Festivalı"nı 2013-cü ildə təşkil edib. İkinci film festivalı "Britaniya Film Baharı" ("British Film Spring") adı altında 2015-ci ildə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB