ATMU-nun nümayəndə heyəti Avstriyaya səfər edib FOTOLAR

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllim-inzibati heyət üzvlərindən 2 nəfər Avstriyanın IMC Krems Tədbiqi Elmlər Universitetində (TEU) keçirilən beynəlxalq tədbirin iştirakçısı olub. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "IMC Beynəlxalq Magistr Günləri 2016" adlı beynəlxalq tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Kanada, Meksika, Rusiya, Avstiya, Fransa, İspaniya, Finlyandiya, İsveç, Serbiya, Sinqapurun müəllim-nümayəndə heyəti də iştirak edib. Əsas məqsədi ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq səviyyədə mübadilə proqramlarının təhsilin inkişafına dəstəyinin intensivləşdirilməsi olan tədbirdə ölkəmiz Azərbaycan Turizm və Menecment Universitetinin Biznes İdarəçiliyi fakültəsinin və eyni zamanda, "Azərbaycan-Avstriya Turizm Proqramı"nın (AATP) müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Günel Poladova tərəfindən təmsil olunub.

Tədbirdə hər ölkədən olan müəllim heyəti müxtəlif mövzular barədə magistr tələbələrinin iştirakı ilə nəzəri və müzakirəli seminarlar keçirib. Həmçinin, müəllim-qonaq heyəti üçün müxtəlif tarixi-mədəni yerlərə ekskursiyalar təşkil edilib, tədbirin sonunda isə iştirakçıların hər biri mükafat və sertifikatla təltif olunub. ATMU nümayəndəsi Günel Poladova "Azərbaycan və Qafqaz regionunda biznesin qurulmasına iqtisadi, siyasi və mədəni amillərin təsiri" mövzusunda seminarla çıxış edib.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Humay Cəfərli "Azərbaycan-Avstriya Turizm Proqramı"nın layihə koordinatoru kimi proqramın icrası ilə bağlı inzibati prosedurların, eləcə də, proqram üzrə gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə, həmin tarixlərdə İMC Krems TEU-da keçirilmiş görüşlərdə iştirak edib.

Səfərin məqsədi İMC Krems TEU-nun inzibati heyəti ilə gələcək planların müzakirəsi, mövcud açıq məsələlərin həlli və fəaliyyətin uyğunlaşdırılması olub.

Qeyd edək ki, 2017-ci ildə ATMU və İMC Krems TEU arasında beynəlxalq ikili diplom proqramının yaradılmasının və fəaliyətinin 10 illik yubileyinə həsr olunmuş tədbirin təşkilati məsələsi Krems rəhbərliyi ilə görüşlərin əsas müzakirə mövzusundan biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə