Nəsibə Zeynalovanın məzarı ziyarət olunub FOTOLAR

Nəsibə Zeynalovanın məzarı ziyarət olunub FOTOLAR

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə, Mədəniyyət və Turizm Nazirliyi rəsmiləri, Azərbaycan Dövlət Musiqili Teatrın kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, yaxınları və doğmaları sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.

SİA-nın verdiyi xəbərə görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev qeyd edib ki, Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Prezident İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, ömrünün 60 ildən çoxunu bu sənətə həsr etmiş Nəsibə xanımın yubileyi mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilir.

Nazir müavininin sözlərinə görə, fitri istedada malik Nəsibə Zeynalovanın hər obrazında gülüş və satira vardır. Aparıcı simaya çevrilən aktrisa teatrla yanaşı, kinoda, televiziya tamaşalarında, verilişlərdə, "Mozalan" satirik kinojurnalında parlaq obrazlar qalereyası yaradıb və böyük bir irs qoyub. Kino obrazları içərisində "Ögey ana", "Böyük dayaq", "Ulduz", "Qaynana", "Bəyin oğurlanması", "Yuxu" və digər filmlərdəki rolları daha canlı və daha şöhrətlidir. Bu obrazlar xalqın yaddaşında yaşayır.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət bildirib ki, Nəsibə Zeynalova milli teatr məktəbinin dərin iz qoymuş nümayəndələrindəndir. Qeyd edib ki, Teatr Xadimləri İttifaqı tərəfindən N.Zeynalova haqqında Azərbaycan, rus və ingilis dillərində kitab hazırlanır.

Ailəsi adından böyük sənətkarın nəvəsi Nəsibə Əsgərova çıxış edərək təşkil edilən tədbirlərə görə, minnətdarlığını bildirib. O, belə bir insanın nəvəsi olduğuna görə, fəxr etdiyini söyləyib.

Qeyd edək ki, il ərzində yubiley tədbirləri davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə