Məlumat verdiyimiz kimi, aprelin 25-27-də Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, forumla bağlı paytaxtda fəaliyyət göstərən teatr və konsert müəssisələri yüksək səviyyədə hazırlaşıb, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazimi səviyyədə təşkil edilməsi məqsədilə, bütün təşkilati məsələlər həll edilib və xüsusi repertuar hazırlanıb.
Belə ki, forumun keçiriləcəyi günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram, Opera və Balet, Gənc Tamaşaçılar, Rus Dram, Pantomima, "Yuğ", Kukla və Musiqili teatrlarda yerli və əcnəbi dramaturqların ən dəyərli əsərləri nümayiş olunacaq. Bu əsərlər ingilis dilində tərcümə sətirlər-qaçan titrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək.
Həmçinin, həmin günlərdə Filarmoniyada, Heydər Əliyev Sarayında, Dövlət Mahnı Teatrında Azərbaycan və dünya bəstəkarlarının rəngarəng musiqiləri səsləndiriləcək. Artıq nümayiş olunacaq səhnə əsərlərinin və səsləndiriləcək musiqi əsərlərinin proqramı Azərbaycan və ingilis dillərində hazırlanıb.
Qeyd edək ki, bu forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, ISESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələrin qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq imkanlarına pozitiv baxışa dəlalət edir.
"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək forumda ümumilikdə, üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulub. BMT SA-nın toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB