Qəmbər Hüseynlinin yubileyi qeyd olunub FOTOLAR

Qəmbər Hüseynlinin yubileyi qeyd olunub FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ictimai xadimlər, bəstəkarın sənət dostları, yaradıcılığına müraciət edən incəsənət nümayəndələri və ailə üzvləri iştirak edib.

Yubiley gecəsinin açılışını edən nazir müavini Ədalət Vəliyev sənətkarın Azərbaycan bəstəkarlıq tarixindəki yerindən danışıb: "Qəmbər Hüseynli zamana güc gələn sənətkarlardandır. Əslində, 45 yaş tarixdə iz qoymaq üçün çox qısa zamandır. Lakin, Qəmbər Hüseynli 1948-ci ildə bəstələdiyi "Cücələrim" musiqisi ilə nəinki Azərbaycan, hətta dünya bəstəkarlıq tarixinə adını yazdırmağa müvəffəq oldu. Belə ki, bu musiqi dünyanı dolaşaraq, 100-dən artıq ölkənin sənət almanaxına daxil olub. Bu, hər bəstəkara nəsib olmur".

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov Qəmbər Hüseynlinin həyat və yaradıcılığından danışaraq bildirib ki, Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən bəstəkarın milli musiqi mədəniyyətində əvəzsiz yeri vardır.

Daha sonra görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr edilmiş video-çarx nümayiş olunub.

Tədbir Qəmbər Hüseynlinin bəstələrindən ibarət konsertlə davam etdirilib.

Yubiley gecəsində Mehparə Cəfərova, Eldəniz Məmmədov, Gülyaz Məmmədova, Məmməd Cəfərov, Fikrət Verdiyev, Zahidə Tağızadə və digər incəsənət nümayəndələri bəstəkarın yaradıcılığından parçalar ifa ediblər.

Qeyd edək ki, yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə