Səyahət və Turizm Peşəkarları Beynəlxalq Assosiasiyasının ("Skal İnternational") Bakı klubunun 20-ci yubiley toplantısı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə həmçinin, "Skal Bakı" klubunun yeni rəhbəri də təyin olunub.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Monteneqro Respublikasının Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev, Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, "Skal Mərmərə" klubunun rəhbəri Zeynəb Yılmaz, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri və hotellərin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən "Skal Bakı" klubunun rəhbəri, professor Cəfər Cəfərov bildirib ki, MDB məkanında ilk dəfə olaraq, Bakıda yaradılan qurum 7 il əvvəl fəaliyyətə başlayıb və bu müddətdə Azərbaycan turizminin inkişafı üçün xeyli işlər görüb. Onun sözlərinə görə, skal turizm peşəkarlarının könüllü birliyidir və dostlar arasında biznes yaratmaq missiyası daşıyan bir təşkilatdır.
Rəhbərlik etdiyi 2 il ərzində klubun fəaliyyətindən danışan Cəfər Cəfərov deyib ki, bu müddətdə qurumun 4 geniş tərkibli iclası, müxtəlif mövzularda təlim və treninqlər də daxil olmaqla, toplam 20-dən çox tədbiri keçirilib: "Skalın digər təşkilatlarla birlikdə Azərbaycan turizminin inkişafı istiqamətində görəcəyi işlər hələ çoxdur. Təbii ki, ölkə prezidentinin də dediyi kimi, bu sahədə problemlərimiz mövcuddur və həm dövlət, həm də ictimai təşkilatlar birlikdə əl-ələ verib problemlərin həllinə nail olacaq, ölkəmizi dünyada populyar bir turizm istiqamətinə çevirə biləcəklər".
Toplantıda iştirak etmək məqsədilə, Bakıya gələn "Skal Mərmərə" klubunun rəhbəri Zeynəb Yılmaz deyib ki, hazırda dünyanın 83 ölkəsində 381 skal klubu fəaliyyət göstərir ki, bu təşkilatların da 17 min üzvü var. Onun sözlərinə görə, Türkiyədə bu təşkilatın fəaliyyətinə çox böyük önəm verilir: "Türkiyədə 17 skal klubunun 1100 üzvü var. 3 skal klubunun da yaxın günlərdə yaradılması nəzərdə tutulur. Skalın fəaliyyətinə görə, Türkiyə dünyada 4-cü yerdədir. Bizim məqsədimiz Türkiyə turizminə xidmət etməkdir. Ona görə də, biz əvvəl bir-birimizlə, sonra isə beynəlxalq səviyyədə əlaqələr qururuq. Skal üzvləri dünyanın harasında olurlarsa olsunlar, bir-birinə bir çox böyük güzəştlər edirlər".
Azərbaycanda bir çox layihələr həyata keçirəcəklərini deyən klub rəhbəri bildirib ki, yaxın günlərdə Bakıda Türkiyə skalçılarının da iştirakı ilə geniş bir toplantı və müxtəlif vorkşoplar təşkil edəcəklər. O, birlikdə çalışmağın səmərəli olduğunu da diqqətə çatdırıb.
Sonra "Skal Bakı" klubunun yeni rəhbəri Əhməd Yaşıldağ seçilib.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib ki, skalın fəaliyyəti Azərbaycan turizminin daha geniş çevrədə təbliği və təşviqidir. O, türkiyəli turizmçini "Skal Bakı"ya rəhbər təyin etməklə, gələcəkdə daha böyük uğurlar əldə edəcəklərinə inandığını bildirib: "Əhməd Yaşıldağ Türkiyədə "Skal Mərmərə" klubunun fəal üzvlərindən olub. Onun bu sahədə zəngin təcrübəsi var. Ümid edirəm ki, Əhməd bəy öz rəhbərliyi ilə klubumuzun daha effekli fəaliyyətinə nail olacaq".
Əhməd Yaşıldağ öz növbəsində söz alaraq bildirib ki, 20 ildir bu təşkilatın üzvüdür və şahidi olduğu budur ki, turizm sahəsində çalışan hər insan bu quruma üzv ola bilmir: "Skal üzvü olmaqla, bir anda dünyadakı bütün skalçılarla yoldaş olursan. Azərbaycanda olduğum 3 il ərzində "Skal Bakı"nın 7-8 toplantısında iştirak etmişəm. Öz müşahidələrimə əsasən, deyə bilərəm ki, Azərbaycan turizm sahəsində inkişaf etmək üçün var qüvvəsi ilə çalışır. Biz də skalçılar olaraq bu inkişafa öz töhfəmizi verməliyik. Bu yöndə artıq bir neçə planımız da var. Qəbələdə, Qubada, Naftalanda yaxın vaxtlarda skal klubları yaratmaq niyyətindəyik".
Sonra "Skal Mərmərə" klubu ilə "Skal Bakı" klubu twinninq (qardaş) klublar elan edilib və bununla bağlı sənəd imzalanıb.
Qeyd edək ki, tədbirin rəsmi hissəsi skal tostu və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB