İslam ölkələrindən olan musiqiçilərin festivalı başladı FOTOLAR

İslam ölkələrindən olan musiqiçilərin festivalı başladı FOTOLAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında islam ölkələrindən gənc klassik musiqi ifaçılarının (20 yaşadək) beynəlxalq festival-müsabiqəsinə start verilib. SİA-nın verdiyi xəbərə görə, İSESKO və Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər Nazirliklərinin dəstəyi ilə keçirilən festivalın Təşkilat Komitəsinin sədri, "Kainat" Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə müsabiqənin şərtlərindən danışıb.

Onun sözlərinə görə, qaliblər üçün Qran-pri, 14 nominasiya üzrə mükafatlar, habelə Mədəniyyət və Turizm Nazirliyinin ən balaca ifaçılar üçün həvəsləndirici mükafatları və Azərbaycan bəstəkarlarının əsərlərinin ifasına görə, 2 mükafat nəzərdə tutulub.

Rahib Rəsulzadə bildirib ki, festival-müsabiqənin məqsəd və vəzifəsi gənc istedadları üzə çıxarmaq, beynəlxalq təcrübə və ideya mübadiləsi aparmaq, xarici ölkələrdən olan gənclərin Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olmalarına geniş imkan yaratmaqdır.

Qeyd edək ki, professor Yeganə Axundovanın rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti bir neçə gün ərzində dinləmələr həyata keçirəcək. Müsabiqə qala-konsertlə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə